0 Shares

24media.az-ın budəfəki müsahibi Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, imtahan ərəfəsində abituriyent və tələbələrin necə qidalanmalı olduqlarından danışıb. Həmçinin o, orqanizm üçün faydalı ərzaqlar barədə dəyərli məsləhətlər verib.

Düzgün qidalanma zərurəti:

İmtahanlara hazırlaşan şəxslər, xüsusilə də gənclər və yeniyetmələr, həm fiziki, həm də zehni cəhətdən sağlam və balanslı qidalanmaya diqqət yetirməlidirlər. Bu, yalnız sağlamlığa deyil, həm də mərkəzi sinir sisteminin düzgün işləməsinə, diqqət və konsentrasiyanın artırılmasına kömək edir.

Zülallı qidaların əhəmiyyəti:

İlk növbədə qidalanmada zülalların üstünlüyü təmin olunmalıdır. Heyvan mənşəli zülallara, o cümlədən ət məhsulları, quş əti, balıq əti və qırmızı ətə xüsusi önəm verilməlidir. Bunlarla yanaşı, yumurta, süd və süd məhsulları da beynin fəaliyyətini gücləndirmək və imtahan performansını artırmaq üçün mühüm əhəmiyyətə malikdir.

Faydalı karbohidratlar və sağlam yağlar:

Karbohidrat seçərkən orqanizmə daha faydalı olan paxlalılara üstünlük verilməlidir. Çörək və un məmulatları arasında isə tam buğda unundan hazırlanan məhsullar seçilməlidir. Fast food qidalar və yüksək şəkər tərkibli şirniyyatlar isə mümkün qədər azaldılmalıdır, çünki bunlar qan şəkərinin qeyri-sabitliyinə, yorğunluğa və enerjisizlik hissinə səbəb olur.

Yemək hazırlayarkən sağlam yağlardan istifadə edilməli, xüsusilə Omega-3 və Omega-6 ilə zəngin olan zeytun yağı, avokado və çərəzlərin tərkibindəki yağlara üstünlük verilməlidir.

Vitaminlər, minerallar və maye qəbulu:

Orqanizmin ehtiyac duyduğu vitamin və mineralları təmin etmək üçün yerli və mövsümi meyvə-tərəvəzlər mütləq qidalanmaya daxil edilməlidir. Bununla yanaşı, gündəlik su qəbulu vacibdir. Təbii şəkildə dəmlənmiş çaylar və kofelər faydalı olsa da, paket çay və hazır kofelərdən uzaq durmaq lazımdır.

Vacib yemək: səhər qəlyanaltısı:

Günün ən əhəmiyyətli yeməklərindən olan səhər qəlyanaltısı vaxtında edilməlidir. İmtahan öncəsi doyumlu və qan şəkərini balansda saxlayan zülallı qidalar qəbul edilməlidir. Tez enerji verən, lakin qısa zamanda qan şəkərini salan şirniyyatlar və qeyri-sağlam karbohidratlardan uzaq durmaq vacibdir.

Stressdən uzaq olmağın yolları:

Stressdən uzaq olmaq üçün qidalanma ilə yanaşı, həyat tərzinə də diqqət yetirilməlidir. Gün ərzində bir ovuc çərəz yemək və 30-40 dəqiqə açıq havada gəzinti etmək tövsiyə olunur. Gəzinti beyinə daha çox oksigenin çatmasını təmin edir və zehni fəaliyyət üçün vacib rol oynayır. İmtahana hazırlaşan hər kəs, xüsusən də gənclər, düzgün və balanslı qidalanmanın yalnız dərslərdə deyil, ümumi həyat keyfiyyətində də necə mühüm rol oynadığını unutmamalıdırlar.

~ Abbaszadə Fidan