Sağlam həyat tərzi üçün günə hansı qidalarla başlamaq lazımdır? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

“Sağlam həyat tərzi üçün qəbul edilən qidalar, gündəlik fəaliyyət, yuxu rejimi və ətraf mühit çox önəmlidir”. 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, insan orqanizminin sağlam olmaq üçün gün ərzində 70-ə yaxın makro və mikro elementlərə ehtiyacı var:

“Bu elementləri isə təbii, az emal prosesindən keçmiş, mənşəyi bəlli olan, keyfiyyətli qida məhsullarından almaq olar. Sağlam həyat tərzi üçün günə su ilə başlamaq lazımdır. Ümumiyyətlə, səhər qida qəbulu hər kəsdə fərqli olur. Bu, insanın yaşına, cinsinə, işinə və səhər oynadığı vaxta görə dəyişir”. 

Mütəxəssis qeyd edib ki, insan oyandıqdan təxminən 45-60 dəqiqə ərzində orqanizmində mədə şirəsi ifraz olunmağa başlayır:

“Artıq bu müddətdən sonra qəbul olunan qida asanlıqla parçalanır və həzm olunur. Tərkiblərindəki elementlər də orqanizm tərəfindən asanlıqla sovrulur”.

Məhsəti Hüseynova sağlam həyat tərzi üçün günə hansı qidalarla başlamaq lazım olduğundan danışıb:

“Günə enerjili və gümrah başlamaq üçün heyvan mənşəli qidalardan, süd və süd məhsullarından istifadə etmək tövsiyə olunur. Səhər yeməyində süd məhsullarından pendir, qaymaq, kəsmik, xama kimi qidalar qəbul edə bilərlər. 

Eyni zamanda, kərə və yaxud doymamış yağlardan olan digər qidalardan da istifadə etmək olar. Günün birinci yarısında bir ovuc çərəz, yəni qoz, fındıq və ya badam qəbul edə bilərlər. Bu da insana enerjili olmağa kömək edəcək”. 

Ekspert onu da əlavə edib ki, səhər yeməyi zamanı lifli qidalardan olan mövsümi tərəvəzlərdən istifadə etmək olar:

“Bura xiyar, pomidor, kök, çuğundur, göyərtilər daxildir. Qidaların birlikdə həzm olunmasına və bağırsaq mikroflorasını yaxşılaşdırılmasına kömək edəcək. 

Bundan başqa, axşam vaxtı şirin meyvə yemək olmaz. Çünki bu, artıq kalori almağa, kökəlməyə və ağır həzm problemlərinə gətirib çıxara bilər”. 

~ Abbaszadə Fidan