Restoranlarda ZƏHƏRLƏNMƏ: Qarşısını necə alaq?

Zəhərlənmə
0 Shares

“Təəssüf ki, restoran sahibləri qidaların alınması, saxlanması, hazırlanmasına nəzarət etmirlər. Mətbəx işçiləri qidaları hazırlayarkən ciddi pozuntulara yol verirlər. Nəticədə isə qida zəhərlənmələri baş verir və insanların həyatı təhlükəyə atılır”.

Bunu “Sherg.az”a qida mütəxəssisi Asim Vəliyev Ağcabədidə toyda kütləvi zəhərlənmədən danışarkən deyib.
Ekspertin sözlərinə görə, restoran və şadlıq saraylarında zəhərlənmə halları daha çox qarpız, pomidor kimi məhsullardan rast gəlinir:

“Çünki məhsullar yetişdirilərkən müxtəlif gübrə və dərmanlardan istifadə olunur. Nəticədə bu məhsulun tərkibinə təsir edir və insan orqanizminə düşdüyü zaman toksiki təsir göstərir. Həmçinin yüksək risk qrupuna aid ət və ət məhsulları, süd və süd məhsulları da zəhərlənməyə səbəb ola bilər. Bir çox hallarda bizə bəzi restoran və şadlıq saraylarında ucuz qiymətə satılan leş ətlərindən hazırlanmış qidaların serviz edildiyi barədə məlumatlar da daxil olur. Kiloqram başına 1 manatdan alınan leş ətləri kilosu 3-4 manata bir çox restoran və şadlıq saraylarına satılır. Bəzi salatların hazırlanmasında istifadə olunan konservləşdirilmiş məhsullardan da, həmçinin salatlara vurulan mayonezin də səbəb olduğu zəhərlənmə halları baş verir. Bir çox restoran və şadlıq saraylarında günlər öncə hazırlanıb, düzgün saxlanılmayan qidalar, xüsusilə salatlar serviz edilir. Yay ayları meyvə və tərəvəzlərin bol olduğu mövsümdür. Meyvə və tərəvəzlərin yuyulmasına, onların düzgün saxlanmasına diqqət yetirilmir. Çox vaxt restoran və şadlıq sarayına qida məhsulu alarkən ucuz olsun deyə açıq şəkildə düzgün saxlanılmayaraq, satılan yüksək risk qrupuna daxil qidaları alır. Yemək olaraq, serviz edirlər.

Ekspert həmçinin diqqətə çatdırıb ki, vətəndaşların özləri məlumatlı olmalı və ilkin nəzarəti özləri həyata keçirməlidirlər:
“Yəni ən azından qidalanacağı məhsullar haqqında məlumat əldə etməlidirlər. Qarşısına gələn yeməyi viziual olaraq, müşahidə etməli, rənginin, dadınının dəyişib-dəyişməməsinə fikir verməlidir. Vətəndaşların bilgilənməsi və zəhərlənmə hallarının qarşısını almaq üçün KİV-lərdə, sosial şəbəkələrdə davamlı maarifləndirmə işləri aparılmalıdır. Bu işdə aidiyyəti qurum nəzarəti nə qədər həyata keçirməyə çalışsa da, buna fiziki olaraq, resursları yetmir. Ona görə də mütləq şəkildə aidiyyəti qurum vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq etməlidir. Bu kimi halların qarşısını almaq üçün könüllü qida nəzarətçiləri yetişdirilməli və müvafiq icazələrlə həmin restoran, şadlıq saraylarında ictimai monitorinqlərin həyata keçirilməsinə şərait yaradılmalıdır”.

Qeyd edək ki, Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, həmçinin 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.