“Qazlı və rəngli içkilərdə istifadə olunan rəngləndirici və kimyəvi qatqı maddələri orqanizm üçün zərərlidir”.
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, bunlar əsasən monopotassium qlutamat və yaxud monokalium qlutamat maddələri olur:
“Həmçinin, natrium benzoat maddəsini qeyd etmək lazımdır. Onlar birbaşa olaraq insanın mərkəzi beyin sisteminin funksiyalarının pozulmasına səbəb olur. Xüsusilə 20 yaşa qədər rəngli qazlı içkilərdən istifadə edən gənclərdə gələcəkdə alzheimer xəstəliyinin yaranma ehtimalı böyükdür. Eyni zamanda, rəngli qazlı içkilərin tərkibindəki kimyəvi qatqı maddələri orqanizmdə həll olunmadığına görə qaraciyər və böyrək çatışmazlığına da gətirib çıxarır”.
Mütəxəssis qeyd edib ki, sözügedən sulardan uzaq durmaq lazımdır:
“Bu sulardan gündəlik içki kimi istifadə edən insanlar həddindən artıq şəkər qəbul etdiyi üçün orqanizm lazım olduğundan daha çox karbohidrat qəbul edir. Bu isə piylənməyə, xüsusilə də qaraciyər piylənməsinə və qanda şəkər balansının pozulmasına səbəb olur. Uzunmüddətli fasilələrlə və az miqdarda istifadə etsələr, bunun zərəri gündəlik istifadədən daha az ola bilər. Amma bu kimi içkilərdən istifadə olunması ümumiyyətlə tövsiyə olunmur”.
~ Abbaszadə Fidan