Quş əti istehlakında diqqət edilməli məqamlar – ARAŞDIRMA

0 Shares

Azərbaycanda quş əti ən çox istehlak olunan qida məhsullarından biridir. Quş əti sağlam qidalanmada da mühüm yer tutur.

Operativ Media xəbər verir ki, mütəxəssislər quş əti məhsullarının istehsalı zamanı istifadə olunan süni hormonlar, antibiotiklər və düzgün saxlanma qaydalarına əməl edilməməsinin insan sağlamlığı üçün ciddi risklər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Quş əti istehsalında istifadə olunan süni hormonlar və antibiotiklər insan sağlamlığı üçün müəyyən risklər yaradır.

Terapevt həkim Sübhan Hacıyevin sözlərinə görə, quşların daha sürətli böyüməsi və çəkisinin artırılması məqsədilə onlara anabolik hormonlar və estrogen tərkibli stimulyatorlar verilir:

“Bu maddələr ətin tərkibində uzun müddət qala və insan orqanizminə keçə bilər. Uzunmüddətli dövrdə belə məhsulların istehlakı hormonal tarazlığın pozulmasına, menstrual dövr pozğunluqlarına, erkən cinsi inkişafa, sonsuzluğa və hormon asılı şişlərin – məsələn, süd vəzi, prostat və uşaqlıq xərçənginin – yaranma riskinin artmasına səbəb ola bilər.

Bundan başqa, quşçuluqda infeksiyaların qarşısını almaq üçün istifadə olunan antibiotiklərin qalıqları da ətin tərkibində qala bilər. Ət düzgün bişirilsə belə, bu qalıqlar tam məhv olmaya bilər. Nəticədə insan orqanizmində antibiotiklərə qarşı davamlılıq, yəni rezistentlik yaranır ki, bu da bakterial infeksiyaların müalicəsini çətinləşdirir və daha güclü antibiotiklərdən istifadəni zəruri edir”.

Marketlərdə satılan hazır marinadlı quş əti məhsulları sağlamlıq üçün riskli ola bilər.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın sözlərinə görə, bu məhsullar patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir:

“Ət düzgün emal və bişirilmədikdə salmonella kimi bakteriyalar insanlara keçərək zəhərlənmələrə və digər fəsadlara səbəb ola bilər. Marinasiya prosesində çoxlu duz və monosodyum glutamat kimi dadartıcıların istifadəsi isə allergik reaksiyalar, baş ağrıları və mədə-bağırsaq pozğunluqları yarada bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün bu risklər daha yüksəkdir. Bu səbəbdən məhsulun mənşəyi, keyfiyyət sertifikatları, istehsal və son istifadə tarixləri kimi etiket məlumatlarının tam və aydın olması vacibdir”.

Son illərdə quş əti dünyanın ən çox istehlak olunan ət növünə çevrilib.

İqtisadçı Akif Nəsirli bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünyada istehlak olunan ətin təxminən 40–42 faizi quş ətinin payına düşür:

“Bu, bir tərəfdən qiymət üstünlüyü ilə, digər tərəfdən isə sağlam qidalanma tendensiyalarına uyğunluğu ilə izah olunur. Quş əti həm az yağlı, həm də yüksək zülallı olduğundan bir çox ölkələrdə əsas protein mənbəyinə çevrilib. Bundan əlavə, donuz ətinin əksinə olaraq, quş əti dini qadağalara məruz qalmadığı üçün bütün regionlarda geniş istehlak olunur. Quşçuluq təsərrüfatlarının az torpaq, su və vaxt tələb etməsi də bu sahəni ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir”.

Azərbaycanda quşçuluq sektoru da iqtisadi baxımdan mühüm rol oynayır.

Akif Nəsirli bildirib ki, hazırda ölkədə illik quş əti istehsalı təxminən 130–150 min ton təşkil edir:

“Bu, ümumi ət istehlakının 60 faizinə yaxındır. Sektor 10 mindən çox iş yeri yaradır, regionlarda sahibkarlığın inkişafına dəstək olur və müəyyən həcmdə Gürcüstan, Qazaxıstan və bəzi Yaxın Şərq ölkələrinə ixrac həyata keçirilir. Bununla yanaşı, yerli istehsal idxalın əvəzlənməsi siyasətində də mühüm yer tutur”.

Quş əti uşaqlar üçün faydalıdırmı?

Pediatr Səbinə Məmmədovanın sözlərinə görə, uşaqların sağlam böyüməsi, beyin və sinir sisteminin inkişafı, eləcə də immun sisteminin möhkəmlənməsi üçün zülalla zəngin və asan həzm olunan quş ətinin rasionda olması vacibdir:

“Uşaqlar üçün ən faydalı növlər toyuq, hinduşka və bildirçin ətləridir. Toyuq əti az yağlı və yüngül həzm olunan olduğu üçün bir yaşdan yuxarı uşaqlara verilə bilər. Hinduşka əti az yağlı, lakin yüksək proteinli olduğundan həm enerji, həm də sakitləşdirici təsir göstərir. Bildirçin əti isə tərkibindəki yüksək dəmir, kalsium və vitaminlər sayəsində uşaqların beyin və sümük inkişafını dəstəkləyir. Ördək əti isə daha yağlı olduğundan yalnız 7 yaşdan yuxarı uşaqlara və az miqdarda verilməsi tövsiyə olunur.

Uşaqlar üçün quş əti tam bişmiş halda təqdim edilməlidir. Ən sağlam bişirmə üsulları qaynatma, buğda bişirmə və sobada az yağla hazırlamadır. Qızartmalar və çox ədviyyəli yeməklər uşaqlar üçün məsləhət görülmür. Həftədə 2–3 dəfə quş ətinin menyuda yer alması kifayətdir”.

Quş əti necə saxlanılmalıdır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə görə, quş əti 0–4 dərəcə temperaturda 72 saata qədər, -18 dərəcədə isə 8–10 ay müddətində saxlanıla bilər. Çiy ət digər məhsullardan ayrı saxlanmalı, çarpaz çirklənməyə yol verilməməlidir. Alış zamanı məhsulun təzə, etibarlı mənbədən və keyfiyyət sertifikatlı olmasına diqqət edilməlidir. Yumurtalar da təmiz, quru, birbaşa günəş şüası düşməyən yerdə və 5–12 dərəcə temperaturda saxlanmalıdır.

  • Abbaszadə Fidan