QTH-Qida Təhlükəsizliyi Hərəkatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini dövlətin iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə xüsusi tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 10 fevral 2017-ci il tarixli Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu fərmana ictimai dəstəyi təmin etmək, ictimaiyyətin bu sahədə rolunu aktivləşdirmək üçün “Təmiz Qida, Sağlam Həyat, Xoşbəxt Gələcək!” naminə “Gənclərin Töhfəsi” İctimai Birliyi, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin təşəbbüsü ilə “Qida Təhlükəsizliyi Hərəkatı” təsis edilmişdir. Hərəkat olaraq bəyan edirik:
İlk insandan bu günə kimi həyatımızın davamlılığını təmin edən təməl ünsür qidadır. Öncə ehtiyacı olan qidaları istehsal edən, sonra istehsal etdiyi ərzaqlardan toxumu və tumurcuğu ilə həyatın davamlılığını təmin edən, daha sonra millətlərə bölündükcə ticarət halına gələn ərzaq, bu gün eyni zamanda beynəlxalq siyasətin və qlobal güclərin əlində əhəmiyyətli və təhlükəli bir “silah”dır.
Yaşadığımız əsr, tarix boyu müharibənin hər növünə şahidlik etdi. Bu gün isə “qida müharibələri” deyilən bir müharibə gedir. Hər kəsin gözü qarşısında baş verən bu müharibədən də anlaşılır ki, qarşıdan gələn əsr yenə də ilk növbədə ərzaq müharibələrinə səhnə olacaq.
Qlobal güclər bəşəriyyətin ehtiyac duyduğu təməl ehtiyacları inhisarında saxlayaraq, millətlərin suverenliyini şübhə altına alır. Əvvəl yeraltı sərvətləri, sonra yerüstü sərvətləri, sonra əvəzolunmaz əsas ehtiyaclarımızdan olan su və ərzaq beynəlxalq güclərin əlində mükəmməl silaha çevrilib.
Hər şey gözlərimizin önündə baş verir. Mahiyyətin anlamadan istifadə edilən pestisidlər, hormonlar, gömrüklərdən asanlıqla daxil olan geni dəyişdirilmiş (GDO), tərkibini və mənşəyini bilmədiyimiz məhsullar cəmiyyətin yeni düşmənidir.
Yaxın keçmişə qədər öz kənd təsərrüfatı məhsulları ilə özünü təmin edərkən, hal-hazırda məhsuldar torpaqları bitmiş kimi kənardan kənd təsərrüfatı məhsullarının idxalçısı olduq. Halbuki rayon və kəndlərdə yerli kənd təsərrüfatı məhsullarının istehsalını stimullşadıraraq, həm işsizliyin qarşısını alarıq, həm də kənd və rayonlardan iş axtarmağa üz tutmuş əhalini işlə təmin edə bilərik.
Əvvəl əhalinin çoxluğu bəhanə edildi. Daha sonra məhsuldar ərazilərin yaşayış sahəsi edilməsi üçün urbanizasiya modelləri erroziyaya uğradıldı. “Kənd təsərrüfatı sahələrinin azlığı və məhsuldarsızlıq” kimi yalan ideya ilə beyinlər yuyuldu.
Beynəlxalq trestlər bu günlər üçün varmış kimi ortaya atılmaqda gecikmədilər. Daha asan istehsal, daha çox məhsuldarlıq və daha çox qazanmaq uğrunda insan nəslinin gələcəyini təhlükə altına alan Geni Dəyişdirilmiş Orqanizmli (GDO) məhsullarla üz-üzə qaldıq. Bunun sayəsində rayonda, kənddə yetişən və təbii üsullarla əldə edilən toxumlar və məhsullar yerinə, laboratoriya şəraitində formalaşdırılan, artıq toxum verməyən, görünüşü eyni olsa da, dadı, qoxusu, rəngi və möhkəmliyi eyni olmayan, bir qəlibdən çıxmış, hər mövsümdə süfrələri bəzəyən bu məhsulların bəşəriyyətin kabusu olduğuna şübhə etmirik.
Beləliklə “təbii” olan, “tarix” oldu. Hər kəs məhsulunun “təbii” olduğu iddiasındadır. Ancaq artıq “təbii” olan, “yalan” olanlara bərabərdir.
Materializmin köləsi kimi düşünüb hərəkət edən, inanclara, fəlsəfi fikirlərə, qidalanma mədəniyyətinə hörmətsiz bir sıra istehsalçılarla yanaşı, informasiya və narahatlıqdan məhrum yeni tip istehlakçılar sayəsində təbii quruluş pozulmuş, kənd təsərrüfatı məhsullarından əldə edilən məhsulların mənşəyi haqqında məlumat sahibi olmadığımız üçün insan nəslinin immun sistemi zəiflədilmişdir.
Minlərlə sağlam qida qatqıları ilə təbiəti pozulan bəşəriyyət, bu süni və təhlükəli yeyinti sənayesi sayəsində hər gün xəstə və hər günü xəstəxana dəhlizlərində keçən dərman aludəçisinə çevrilibdir. Bəşəriyyət, “daha çox qazan” formulunun tətbiq olunduğu müasir qida və sağlamlıq sənayesindən, itki üstünə itkilər verir.
Yeni nəsil südü bilmir, ayran içməmiş, doşabı eşitməmiş ancaq daxilindəki qeyri-sağlam, keyfiyyətsiz, etibarsız rəngləndirici, dadlandırıcılarla yanaşı asılılıq meydana gətirən, qatqılı, qazlı içkilər sayəsində sanki “ləzzətin və dadın köləsi” halına gətirilmişdir.
Şairin sözüylə qarşımızda “aşı zəhərlə bişmiş bir nəsil” var. Kolbasasında, sosikasında və kotletində ət olmayan, ədviyyatı inşaat boyası və saxsı tozundan hazırlanan, zeytuna ayaqqabı boyası qatan, tullantı yağı distillə edib yenidən satan, pendiri və dondurmanı südsüz hazırlayan, pendirin mayasını tanımayan, çörəyi də naməlum və təhlükəli qatqılardan hazırlayan bir cəmiyyətdə, insan zəhərləməyin cinayət olduğunu deyən bir hüquq, sadəcə gülüncdür!
Həzz və ləzzətə ölümünə aşıq bir gənclik məhz yeni çağın müasir qulları üzərində qurulan mürəkkəb, qarışıq, amma etdiyini bilərək edən bir sənaye mövcuddur.
Reklam deyilən böyük sehrlə, zəhərinə susamış bəşəriyyətə yaxşını, doğrunu, təbiini, həqiqəti, keçmişi, gələcəyi və ən əhəmiyyətlisi o mükəmməl insana mükəmməl olanı xatırlatmaq üçün içindəki vulkanik “narahatlıqları” bölüşmək və insani məsuliyyətlərinin vacibliyini ifa etmək üçün əlimizdən gələni etməliyik.