Qlütenə qarşı həssaslıq özünü necə büruzə verir? – MÜTƏXƏSSİS Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

“Son dövrlər bir çox insanlarda qlütenə həssaslıq və yaxud da qlütendən qaynaqlanan xəstəliklər var ki, bunun başında çölyak xəstəliyi gəlir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Daha çox qlüten buğda, arpa, çovdar və bu kimi taxıl bitkilərinin tərkibində olur. O bitkilərin tərkibində olan daha çox yapışqanlı bir proteindir. Xüsusilə bəzən həmin məhsullardan hazırlanan qidalara əlavə olaraq qlüten əlavə edirlər ki, qlütenin olması onun elastikliyini, yumşaqlığını, qatılığını və yapışqanlığını təmin etsin.

Bir çox insanlarda qlütenə qarşı həssaslıq dəridə kiçik ağ səpkilər şəklində görünür. Bu daha çox qol, ayaqlar və yanaqlarda səpkilər şəklində özünü göstərir. Xüsusilə də uşaqlar 1 yaşından sonra əlavə qidaya keçdikdə qlütenə həssas olan, immun sistemi və metabolizması zəif olan, həzm sistemində problem olan insanlarda rast gəlinir.

Bugün sadəcə taxıllı bitkilərin tərkibində qlütenə rast gəlinmir, eyni zamanda smetan, xama, qaymaq, bir çox şorbalar (hansı ki ictimai iaşə obyektlərində hazırlanır), çox yağlı qidaların, şirniyyatların, hazır makaronların, spagettilərin tərkibində qlüten var.

Hazır içkilər var ki, onların da bəzilərinə qlüten əlavə olunur. Qlütendən uzaq durmaq üçün daha çox ət və ət məhsulları, yumurta, süd, süd məhsulu olan pendir, yoqurt, meyvə-tərəvəzlər və bitki yağları, eləcə də kərə yağı ki, onların tərkibində qlüten yoxdur və xüsusilə də bir çox hallarda taxıllı bitkilərdən istifadə edə bilməyənlər (daha çox şabalıd unu hazırlanır ki, bəzən badam südü bu şəkildə də hazırlanır belə əlavə hazırlanmış qidalar şəklində), eyni zamanda mərciməkdən, qarabaşaqdan, qarğıdalıdan və düyünün bəzi növlərindən unlar var ki, onlardan hazırlanan çörəkləri qəbul etsələr daha faydalı olar. Eyni zamanda qlütendən uzaq dura bilərlər.

Ümumiyyətlə allergiyası olanlar və yaxud qlüten həssaslığı olan insanlar yaxşı olar ki, birmənalı şəkildə uzaq dursunlar. Eyni zamanda artıq təsdiqlənmiş çölyak xəstəliyi olan insandan birmənalı şəkildə qlütenli qidalardan uzaq durmalıdırlar. Çünki bu onların həm gələcəkdə cinsi yetişkənlik dövründə problem olacaq, sonsuzluğa səbəb ola bilər, sümük əriməsinə gətirib çıxara bilər. Vaxtlı-vaxtında fiziki inkişafın yoxlanması üçün müayinələrdən keçməlidirlər və qan analizləri şəklində də qan dəyərlərini ölçmək lazımdır ki, əgər hər hansı bir xoşagəlməz hal varsa, bunu vaxtında aşkarlasınlar.

Bir çox hallarda bəzən qlütensiz qidalar şəklində qidalar satılır ki, bunlara mütləq şəkildə diqqət etmək lazımdır. Çünki bəzən olur ki, qlütensiz qidalarda qlütenin miqdarı 1 kiloqramda 20 milliqramı keçməməsi ifadəsi ilə qeyd etsələr də bəzilərində isə bu miqdar həddi aşa bilər ki, bu da çölyak xəstəliyi olan insanlar üçün təhlükəli ola bilər”.

  • Hüseynli Nərgiz