Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən təndirxanada yoxlama aparılıb. Yoxlama zamanı istehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, həmçinin digər nöqsanların mövcud olduğu aşkarlanıb.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında ictimai iaşə obyektlərində, supermarketlərdə, satış nöqtələrində və istehsal sahələrində aparılan monitorinqlərin əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Məhsəti Hüseynova bildirib ki, bu monitorinqlərin nəticələrinin aidiyyəti qurumların rəsmi saytları və sosial şəbəkə hesabları vasitəsilə ictimaiyyətə çatdırılması müsbət hal kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, qida birbaşa insan sağlamlığına təsir edən əsas amillərdən biridir və bu sahədə gigiyena qaydalarının pozulması ciddi təhlükələr yaradır.
Mütəxəssis qeyd edib ki, qida təhlükəsizliyi qaydalarına əməl olunmaması, korroziyaya uğramış, çirkli və istifadəyə yararsız məhsullardan istifadə olunması istehlakçı hüquqlarının pozulması ilə yanaşı, insanların sağlamlığına birbaşa zərər vurur.
“Əgər qida təhlükəsizliyi qaydalarına əməl olunmursa, bu, həm istehlakçı hüquqlarının pozulması, həm də insanların sağlamlığına bilə-bilə ziyan vurulması deməkdir” — deyə M.Hüseynova vurğulayıb.
M.Hüseynovanın sözlərinə görə, bəzi obyektlərdə filtersiz və ya təmiz olmayan sudan istifadə halları da müşahidə olunur. Bu isə virus və bakteriyaların insanlara keçməsi riskini artırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər, azyaşlılar və yaşlı insanlar üçün bunun daha ciddi fəsadlara səbəb ola biləcəyi bildirilib.
Mütəxəssis vurğulayıb ki, bu səbəbdən monitorinq və yoxlamaların sayı artırılmalı, qida sahəsində fəaliyyət göstərən bütün müəssisələr mütəmadi şəkildə yoxlanılmalıdır. Onun fikrincə, bəzi hallarda ilkin yoxlamalardan sonra eyni müəssisə ilə bağlı yenidən şikayətlərin daxil olması davamlı nəzarətin vacibliyini göstərir.
“Qida məhsulları istehsal edən və insanlara təqdim edən müəssisələrdə yoxlamalar mütəmadi və ardıcıl aparılmalıdır” — deyə ekspert əlavə edib.
Məhsəti Hüseynova həmçinin bildirib ki, bu prosesə qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin və müstəqil ekspertlərin cəlb olunması şəffaflığın artırılmasına və ictimai nəzarətin güclənməsinə ciddi töhfə verə bilər.
Onun sözlərinə görə, istehlakçı hüquqlarının qorunması ilə məşğul olan təşkilatların monitorinqlərdə iştirakı əhali arasında etimadı artıracaq, həm dövlət qurumları, həm də sahibkarlar üçün məsuliyyət hissini gücləndirəcək.
Mütəxəssis sonda diqqətə çatdırıb ki, ictimai iaşə obyektlərində çalışan personalın peşəkarlıq səviyyəsi də qida təhlükəsizliyində mühüm rol oynayır. Ofisiant, aşbaz, qab yuyan, qida texnoloqu və digər işçilərin bu sahədə lazımi bilik və bacarıqlara malik olmaması məhsulların düzgün saxlanmaması, hazırlanma texnologiyasına əməl edilməməsi və şəxsi gigiyena qaydalarının pozulması kimi hallara səbəb olur.
M.Hüseynovanın fikrincə, bütün bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi həm istehlakçı hüquqlarının qorunmasına, həm sahibkarların nüfuzunun yüksəlməsinə, həm də əhalinin sağlamlığının təmin olunmasına xidmət edəcək.
- Fidan Abbaszadə






