Qida təhlükəsizliyi sahəsində hüquqi yeniliklər və beynəlxalq təcrübə tətbiqi!

0 Shares

“Təqdim olunan hesabat xarakterli məlumatlar göstərir ki, mövcud vəziyyət ürəkaçan deyil. Yoxlanılan 4 mindən çox obyektin 3 739-da uyğunsuzluqların aşkar edilməsi fəaliyyət göstərən obyektlərin böyük əksəriyyətində ciddi problemlərin olduğunu göstərir”.

Bunu BiG.AZ-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O, qeyd edib ki, bu səbəbdən monitorinqlərin daha ciddi və sistemli şəkildə aparılmasına ehtiyac var. Çünki ictimai iaşə obyektlərində və istehsal müəssisələrində qanun pozuntularına tez-tez rast gəlinir. Ötən illə müqayisədə kütləvi zəhərlənmə hallarının sayının artması da narahatedici tendensiyadır:

“Məhz bu reallıqlar fonunda qida təhlükəsizliyi sahəsində yeni hüquqi tənzimləmələr həyata keçirilir. Qanunvericilikdə yalnız bir istiqamət üzrə deyil, müxtəlif sahələri əhatə edən yeniliklər nəzərdə tutulur. Beynəlxalq təcrübəyə malik ölkələrlə əməkdaşlıq çərçivəsində tətbiq edilən metodların milli qanunvericiliyə inteqrasiyası planlaşdırılır və bu yanaşmalar qida təhlükəsizliyi haqqında qanunda ətraflı əksini tapır.

Yeni dövlət proqramına əsasən, əvvəlki illərdə nəzarətdən kənarda qalan məqamların aradan qaldırılması üçün “tarladan süfrəyədək” bütün mərhələlər üzrə yoxlamalar aparılacaq. Əvvəllər bütün məhsullar eyni intensivliklə yoxlanılırdısa, bundan sonra yüksək riskli obyektlərdə nəzarət tədbirləri daha sıx və müntəzəm şəkildə həyata keçiriləcək ki, bu da əsas yeniliklərdən biri hesab olunur”.

  • Fidan Abbaszadə