“Qida sektorunda davamlı fəaliyyət göstərən QHT-lərin sayı çox azdır” – QHT rəhbəri

0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib ki, bu gün qida sektorunda qeyri-hökumət təşkilatlarının (QHT) rolu hələ də məhduddur və davamlı fəaliyyət göstərən təşkilatların sayı azdır.

Onun sözlərinə görə, əksər QHT-lər yalnız müəyyən layihələr çərçivəsində qısamüddətli tədbirlər və təlimlər təşkil edir:

“Bu tədbirlər qida təhlükəsizliyi və qidalanma ilə bağlı müəyyən məlumatların insanlara çatdırılmasına kömək etsə də, davamlılıq baxımından çox az QHT-lər fərqlənir”.

Məhsəti Hüseynova xüsusilə Azad İstehlakçılar Birliyinin fəaliyyətini qeyd edib:

“Eyyub Hüseynovun rəhbərliyi ilə bu birlik maarifləndirici çıxışlar və tədbirlərlə yadda qalan işlər görür. Eyni zamanda Qida Təhlükəsizliyi Hərəkatını da vurğulamaq istərdim. Hərəkatımız demək olar ki, hər gün sosial şəbəkələrdə, xəbər portallarında maarifləndirici videolar və məlumatlar paylaşır. Bundan əlavə, xoşagəlməz hallar baş verdikdə, “Whatsapp” qaynar xətti, “Instagram”, “Facebook”, “YouTube”, “TikTok” üzərindən gələn şikayətlər işıqlandırılır və əksər hallarda bu məlumatlar çox tez bir zamanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülür, müvafiq tədbirlər görülür.”

Məhsəti Hüseynova bildirib ki, 2016-cı ildən fəaliyyət göstərən hərəkat istehlakçıların hüquq və sağlamlığının qorunması istiqamətində forumlar keçirib, “saglamqida.az” saytını və “Kod qida qatqı maddələri” adlı mobil tətbiqi istifadəyə verib. Bu tətbiq istehlakçılara qida məhsullarına əlavə olunan qatqıların kodları, adları və sağlamlığa təsirləri barədə ətraflı məlumat təqdim edir.

Ekspert həmçinin qeyd edib ki, onun müəllifliyi, eləcə də Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyevin müəllifliyi ilə “Sağlam qida” və “İslamda qida mədəniyyəti” kitabları çap olunub və bu əsərlər Azərbaycan dilində qida təhlükəsizliyi mövzusunda yazılmış ilk elmi işlər sırasındadır:

“Qida sektorunda ictimai nəzarətin gücləndirilməsi vacibdir. İctimai şuraların rolu daha aktiv olsa, bu, sektor üçün faydalı olar. Təəssüf ki, mövcud resursların məhdudluğu səbəbindən QHT-lər ictimai nəzarət funksiyasını tam yerinə yetirə bilmir və bu da sahədə nəzarətin zəifləməsinə gətirib çıxarır”.

  • Abbaszadə Fidan