Qida mütəxəssisi Məhsəti Hüseynova: “Mövsümündə olmayan meyvələri alarkən keyfiyyət sertifikatı tələb olunmalıdır!”

0 Shares

Vətəndaş paylaşdığı videogörüntüdə çiyələyin tez yetişməsi üçün su çəninə bənzər iri qaba insan orqanizminə zərərli dərmanlar tökür və qarışdıraraq bildirir ki, “camaatı göz görə-görə zəhərləyib öldürürük”. Əlavə olaraq qeyd edib ki, 10-20 min xərc çəkirlər, pulun batmaması üçün bunu etməyə məcburdurlar.

  • Bu kimi hallara qarşı hansı tədbirlər görülür və vətəndaşların sağlamlığını qorumaq üçün hansı addımlar atılır?

Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi, Məhsəti Hüseynova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məhsulun tez əldə olunması üçün kimyəvi maddələr-müxtəlif pestisidlər əlavə olunur ki, daha tez hazır olsun: “Əgər burada çiyələyin qiyməti ucuzdursa, bu o demək deyil ki, mütləq o keyfiyyətsizdir, ya mütləq hər hansı problemi var. Amma məsələ ondadır ki, hal-hazırda Azərbaycanda çiyələyin mövsümü deyil və mövsümündə olmayan, mövsümdən əvvəl bazara çıxarılan çiyələklərin, eləcə də digər mövsümə aid meyvələr bir çox hallarda parniklərdə, istixanalarda yetişdirilir. Ona görə bu məhsul tez əldə olunur-onlara süni istilik verilir, kimyəvi maddələr-müxtəlif pestisidlər əlavə olunur ki, bu da onun daha tez hazır olmasına səbəb olur. Digər bir məqam isə onların xarici bazarlardan Azərbaycana gətirilməsidir ki, burda da mütləq məhsulun mənşəyi, tərkibi önəmlidir. Əgər məhsulun mənşəyi ilə bağlı hər hansı məlumat verilmirsə, ola bilər ki, həddindən artıq kimyəvi maddə qalığı var, yaxud çox yetişdirilib və ucuz qiymətə satılır. Ancaq nəzərə almaq lazımdır ki, mütləq çiyələkləri mövsümündə almaq lazımdır. Mövsümündə olmayan meyvələri alarkən, mənşəyi, keyfiyyət sertifikatı tələb olunmalıdır. Əgər çiyələk parlaq, qoxusuz və həddindən artıq öz normasından böyük görünürsə, dadı yoxdursa, bu məhsulları qəbul etmək tövsiyə olunmur. Xüsusi ilə uşaqlara, yaşlılara, hamilə və süd verən qadınlara, xroniki xəstəliyi olan insanların sağlamlığına fəsad verə bilər-allergiya yarada bilər. Kimyəvi maddələrin qalığından xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə onların bu məhsulu öz mövsümündə qəbul etmələri daha məqsədəuyğundur. Hər bir halda məhsulu alarkən yaxşı-yaxşı yumaq, mümkündürsə suda saxlanılsın, bəzən sirkəli və sodalı suda saxlanılmasını tövsiyə edirlər. Çünki kimyəvi maddələrin qalığı varsa, bu üsul da təhlükəli hesab oluna bilər. Ona görə istehlakçılar hər zaman qiymətə deyil, məhsulun keyfiyyətinə, onun yerli və mövsümi olmasına diqqət etməlidir”.

  • Fidan Abbaszadə