Qaynanmamış sudan istifadə etməyin fəsadları nələrdir?

0 Shares

“Hər orqanizm gündəlik istifadə üçün müəyyən miqdarda su qəbul edir”. 

Bunu sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

Mütəxəssis qeyd edib ki, bu, insanın yaşına, çəkisinə, gündəlik istifadə etdiyi enerji miqdarına və fiziki aktivliyinə görə dəyişir:

“Mütləq şəkildə təmiz su qəbul edərək bu ehtiyac qarşılanmalıdır. Hər kiloqram bədən çəkisinə görə qəbul edilməli su norması 30 ml hesab olunur. Yay mövsümü və ya fiziki aktivliklə məşğul olaraq tərləməyə məruz qalırıqsa, bu miqdarı 1-2 stəkan şəklində də artırmaq olar. İçməyə yararlı bir çox su var ki, onlar da təmizlənmiş şəkildə satılır. Onlardan istifadə etmək tövsiyə olunandır. 

Bəzən isə krandan gələn suyu içirlər. Amma bu, suyun mənşəyinə və qaynağına görə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bəzi su qaynaqları şirin su ehtiyatlarından istifadə edir və onu az miqdarda təmizləyərək verirlər. Bu kimi sulardan istifadə etmək olar. Ancaq bəzən sular anbarlardan və ya təmiz su qaynaqlarından birbaşa gəlmədiyi üçün xlorlanır”.

O bildirib ki, suyun təmizlənməsində bəzən maye xlor, bəzən də əhəngli xlordan istifadə edirlər:

“Su çox çirkli olduqda isə ultrabənövşəyi şüalardan da istifadə edirlər. Ona görə də krandan gələn sulardan birbaşa olaraq içmək tövsiyə olunmur. Təcrübələr göstərir ki, krandan gələn sular beynəlxalq standartlara tam olaraq cavab vermir. Həmin sulardan mütəmadi olaraq istifadə etmək böyrəklərdə daşın yaranmasına, həzm sisteminin pozulmasına və bağırsaq mikroflarasının pozulmasına səbəb ola bilər. 

Su daşlarından isə süzülərək və çökmə vasitəsilə təmizlənərək istifadə edə bilərlər. Minerallarla zənginləşdirmək üçün də kiçik miqdarda zəy daşını əlavə edə bilərlər. Bu da suyun tərkibinin daha da minerallarla zəngin olmasına və təhlükəli maddələrin zərərlərinin azalmasına gətirib çıxarır”. 

Məhsəti Hüseynova vurğulayıb ki, həmin suları qaynadıb istifadə etmək isə insan orqanizmində bir çox fəsadlara yol açır:

“Çünki qaynadıldıqda suyun tərkibində olan maqnezium, natrium, kalium, kalsium kimi bir çox minerallar öz dəyərini itirir. Mütəmadi olaraq qaynanmış su istifadə edən insanlarda vitamin və mineral çatışmazlığı baş verir. Ona görə də qaynanmış sudan mütəmadi olaraq istifadə etmək tövsiyə olunmur. 

Krandan gələn suyun pH səviyyəsi də içilməyə yararlı səviyyədə olmaması təhlükədir. Çünki içməyə yararlı su pH dəyəri 7 və 7,7-yə qədər yararlı sular var. Krandan gələn suların pH səviyyəsi o qədər olmadığı üçün onların içilməsi tövsiyə olunmur”.

~ Hüseynli Nərgiz