Qarpızın seçilməsi və istehlakı ilə bağlı məsləhətlər – Məhsəti Hüseynova’dan açıqlama

0 Shares

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a açıqlamasında keyfiyyətli qarpız seçimi və istehlakı ilə bağlı vacib tövsiyələr verib.

M. Hüseynova qeyd edib ki, keyfiyyətli qarpızın ölçüsü çox böyük olmamalıdır. Orta hesabla 5-7 kq çəkisində olmalıdır. Qarpızın səthi hamar, zədələnməmiş və parlaq olmalıdır. Saplağı quru və sağlam görünməli, barmaqla toxunduqda boşluqdan gələn səs kimi səs çıxmalıdır. Qarpızın üzərində çox sayda sarı ləkələr varsa, bu onun tam yetişmədiyini və şirin olmadığını göstərə bilər. Bu səbəbdən, seçərkən bu cür ləkələrə diqqət yetirmək vacibdir. Mütəxəssis, qarpızın yetişdirilməsində istifadə olunan bitki hormonlarının insan orqanizminə mənfi təsir göstərə biləcəyini vurğulayıb. Hüseynovanın sözlərinə görə, bu hormonlar qarpızla birlikdə qəbul edildikdə böyük fəsadlar yarada bilər. Buna görə də, qarpız seçərkən və istehlak edərkən diqqətli olmaq lazımdır.

Qarpız zəhərlənməsi hallarında soyuq tər basması, qusma, ishal, gözlərdə qaralma və başgicəllənmə kimi əlamətlər ortaya çıxa bilər. Bu hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Hüseynova bildirir ki, iyulun 20-dən avqust ayında olan qarpızlarda zəhərlənmə riski daha azdır. Zəhərlənmə halında, əgər təzyiq düşübsə, başı aşağı saxlamaq və bol miqdarda maye qəbul etmək vacibdir.

Məhsəti Hüseynova, həmçinin, qarpızın faydalı qida olduğunu, lakin miqdarını keçməmək lazım olduğunu qeyd edib. Yeməkdən dərhal sonra və əvvəl qarpız yemək tövsiyə olunmur. Növbəti qida qəbulundan əvvəl ən azı 40-50 dəqiqə fasilə vermək lazımdır ki, qidaların bir-biri ilə reaksiya verməməsi və zəhərlənmə halları baş verməsin.

Qeyd edək ki, bu məsləhətlərə riayət edərək, siz də sağlam və təhlükəsiz şəkildə qarpızın dadını çıxara bilərsiniz.

  • Hüseynli Nərgiz