Qaraciyər xəstəliklərinə səbəb olan qidalar hansılardır? – Sağlam qidalanma üzrə mütəxəssisi açıqladı

Qaraciyər
0 Shares

“Qaraciyər üçün zərərli olan qidalar siyahısında birinci növbədə həmişə spirtli içkilər göstərilir. Anaq bununla yanaşı bir çox qidalar var ki, onlar da yetərli qədər qaraciyərə zərər vurur və onları da bilmək lazımdır. Bura həddindən artıq qızarmış trans yağlarda hazırlanan yeməklər, şirniyyatlar, zərərli hesab etdiyimiz artıq kalorili qidalar xüsusilə də un məmulatları aiddir”.
Qaraciyər xəstəliklərinə səbəb olan qidalar hansılardır? – Sağlam qidalanma üzrə mütəxəssisi Məhsəti Hüseynova açıqladı.
Onun sözlərinə görə, birinci növbədə bu kimi qidalardan uzaq durmaq lazımdır: “Daha sonra həddindən artıq duzlu və şəkərli qidalardan istifadə də qaraciyərin yağlanması, piylənməsi və nəticədə öz funksiyasını yerinə yetirə bilməməsinə səbəb olur.
Yağlı ətlər də xolesterin səviyyəsini həddindən artıq qaldırır ki, bu da qaraciyərin birbaşa olaraq funksiyasının pozulmasına gətirib çıxarır. Ev üsulu qoyulmuş turşularda bəzən duzluluq həddindən artıq olur ki, bu da qaraciyərin zədələnməsinə səbəb olur.

Bunlardan başqa müasir dövrdə paketlənmiş qidalar olduqca üstünlük təşkil edir. Təbii ki, bu cür qidaların hər birində qaraciyərin gələcəkdə zədələnməsinə gətirib çıxaran xüsusi qatqı maddələri olur. Buna görə də çalışıb bu cür qidaları rasionumuzdan çıxarmalıyıq. Əgər nə vaxtsa istifadə etmişiksə də bu zaman isə su qəbulunu təmin etmək lazımdır. Eyni zamanda qazlı içkilərdə də müəyyən qatqı maddələrindən istifadə olunur ki, bu da yenə də öz növbəsində qaraciyər xəstəliklərinə gətirib çıxarır.

Bəzi hallarda həddindən artıq “A”, “D”, “E”, “K” kimi yağ tərkibli vitaminləri bilib-bilmədən qəbul edirlər. Təbii ki, bu vitaminlər də orqanizmdə həddindən artıq çoxalırsa, bu zaman da qaraciyər yağlanmasına səbəb olur. Buna görə də bu kimi vitaminlər yalnız analizlər verildikdən sonra həkim məsləhəti ilə qəbul edilə bilər. Ümumiyyətlə sağlam qaraciyərə sahib ola bilmək üçün əsas şərtlər sağlam qidalanmaqdır”.