Portağalın orqanizm üçün hansı zərərləri var? – EKSPERT Məhsəti Hüseynova danışdı:

0 Shares

“Portağaldan düzgün vaxtlarda istifadə olunmadıqda və onu artıq miqdarda qəbul etdikdə bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər”. 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

O, portağalın tərkibində C vitamininin çox olduğunu vurğulayıb:

“Ona görə də gün ərzində 1-2 portağaldan artıq yemək tövsiyə olunmur. Çünki belə olduğu halda, bir gün ərzində normadan artıq C vitamini qəbul etmiş olursunuz. Bu vitamini həddindən artıq qəbul edən insanlarda isə böyrək daşı yaranır, habelə mədələrində turşuluq artır”. 

Ekspert portağalın digər zərərlərindən də bəhs edib:

“Portağalın tərkibində həddindən çox lif olur. Bu səbəbdən də onu normadan artıq miqdarda qəbul etdikdə ishala və həzm problemlərinə səbəb ola bilər. Bundan başqa, portağalda turşu səviyyəsi çox olduğu üçün acqarına qəbul olunanda və yaxud da axşam son qida olaraq yeyiləndə mədə turşuluğunun səviyyəsi artır. 

Bu isə mədədə yanma, qusma, mədə şişkinliyi və qıcqırmaya gətirib çıxarır. Eyni zamanda, sözügedən meyvəni həddindən artıq yemək sancılanma, baş ağrısı və yuxu rejiminin pozulmasına da səbəb olur. Bütün bu faktorlara görə portağalı həddindən artıq istifadə olunması tövsiyə olunmur”.

Mütəxəssis qeyd edib ki, portağalı yumadan yemək olmaz:

“Xaricdən ixrac olunan portağallar ölkəyə gətirilmədən öncə kal şəkildə dərilir. Uzun müddət xarab olmadan qalması üçün ona müəyyən kimyəvi dərmanlar vurulur. Ona görə də yerli və mövsümü olan portağaldan istifadə etmək məsləhətdir. 

Əfsuslar olsun ki, bəzən portağalı yumadan yeyirlər. Lakin onu yumadan doğrayanda üzərində qalan dərman qalıqları içinə keçir. Nəticədə, həmin kimyəvi maddələr onu yeyən şəxsin də orqanizminə daxil olur. Bu da hər insanda fərqli reaksiyalara gətirib çıxara bilər. Bəzilərində allergik reaksiyalar, bəzilərində isə zəhərlənmə halları müşahidə olunur. Ona görə də portağalı yemədən əvvəl mütləq yumaq lazımdır”.

~ Abbaszadə Fidan