“Portağal tərkibinin zənginliyinə və C vitamini ilə bol olduğuna görə orqanizm üçün çox sayda faydaları var”.
Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, sitrus bitkilərinə qarşı allergiyası olmayan insanlardan başqa hər kəs çox rahatlıqla portağaldan istifadə edə bilər:
“Üstəlik, portağalın kalori dəyəri də aşağı olur. Lakin tərkibinin zənginliyi, vitamin və mineral dəyərinə, liflərin çox olması səbəbindən orqanizm üçün olduqca faydalıdır. Bu meyvədən bir çox xəstəliklərin müalicəsində belə istifadə olunur. Davamlı olaraq portağal yeyən insanların immun sistemi güclənir. Bu da öz növbəsində müxtəlif xəstəliklərə mübarizədə özünü müsbət tərəfdən biruzə verir. Eyni zamanda, ürək-damar xəstəliklərinin qarşısını alır, eləcə də pis xalesterin səviyyəsini aşağı salır”.
Həmsöhbətimiz qeyd edib ki, portağaldan bir çox xərçəng xəstəliklərinə qarşı mübarizədə istifadə olunur:
“Onun tərkibindəki çox sayda olan antioksidant maddələrdən sərbəst radikallarla mübarizə aparır. Bu isə xərçəngə yoluxma riskini aradan qaldırır. Bundan başqa, oynaq ağrısı olan insanlara, iltihabı xəstəlikdən əziyyət çəkənlərə və böyrək öd daşı olanlara da müalicə zamanı portağaldan istifadə etmək tövsiyə olunur”.
Ekspert sözügedən meyvələrin digər faydalarından da söz açıb:
“Portağalın tərkibində liflərin çox olması həzm sistemini sürətləndirir və bağırsaq mikroflorasını düzəldir. Həmçinin, qəbzliyi də aradan qaldırır.
Onu da əlavə edim ki, ağır yağlı və qızardılmış yeməklərdən sonra portağal qəbul etmək tövsiyə olunur. Xüsusilə də ət yeməklərindən sonra bu meyvənin qəbul olunması ətin tərkibindəki dəmirin portağaldakı C vitamini ilə reaksiyaya girərək düzgün şəkildə sovrulmasına, yəni həzmi asanlaşdırmasına səbəb olur”.
~ Abbaszadə Fidan