Paketlənmiş qidaların istifadəsinin bir neçə səbəbi var. İlk növbədə, bu qidalar gigiyenik standartlara uyğun olaraq hazırlanır, məhsulu xarici təsirlərdən, məsələn, mikroblardan və tozdan qoruyur. Uzun müddət saxlanılmasına imkan verən qablaşdırma, qidaların tez xarab olmasının qarşısını alır və keyfiyyətini qoruyur. Bununla yanaşı, paketlənmiş qidalar istehsalçı tərəfindən artıq hazırlanmış və istehlaka hazır vəziyyətdə təqdim edilir, bu da istifadəçilərə rahatlıq gətirir. İstehlakçılar məhsulun tərkibi, kalori miqdarı və digər qida məlumatları barədə dəqiq məlumat əldə edir, bu da onların sağlam qidalanma qərarlarını daha yaxşı yönləndirməyə kömək edir. Paketlənmiş qidalar, miqdarı və istifadəsi barədə dəqiq məlumat verdiyi üçün qida israfını azaldır. Eyni zamanda, bu qidalar uzun məsafələrə qida daşınmasını asanlaşdırır.
Makaron qablaşdırılmasının içində diri siçan balalarının çıxması son günlər gündəmdə olan məsələdir. Paketlənmiş qidaların təhlükəsizliyini təmin etmək üçün istehlakçılar hansı göstəricilərə diqqət etməli və istehsalçılar hansı keyfiyyət standartlarına riayət etməlidir? Bir sözlə qablaşdırılmış qidaların firmasını seçərkən “pisi yaxşıdan” necə ayırd edə bilərik?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova:
-Ümumiyyətlə, son dövrlərdə bir çox qida məhsullarında və digər məhsullarda mənşəyi bəlli olmayan, həqiqəti əks etdirməyən, reytinq xətrinə, şou xətrinə bir çox videolar, məlumatlar paylaşılır ki, burada da hər bir səhifədə paylaşılan məlumata inanmaq tövsiyə olunmur. Mütləq şəkildə peşəkarlar tərəfindən mənşəyi bəlli olan məlumatlara əsaslanaraq inanmaq lazımdır. Xüsusilə də qida seçimində istehlakçılar mütləq diqqətli olmalıdır. Əgər hər hansı bir paketlənmiş məhsulu alırlarsa, burada birinci növbədə diqqət edəcəkləri məqam həmin paketlənmiş məhsulun paketinin hər hansı bir zədəsinin olmamasına diqqət etmələridir. Eyni zamanda üzərində istehsalçı şirkət haqqında tam məlumatların olmasına, burada ünvan, e-mail ünvanı, eyni telefon əlaqə nömrələrinin olmasına diqqət etməlidir və xüsusilə həmin məhsulun əmtəə nişanı sertifikatı varsa, sertifikatı, xalis çəkisi, tərkibi, saxlama şəraiti, istehsal tarixi, son istifadə müddəti, bütün bunlarla bağlı məlumatlar tam şəkildə göstərilməlidir. Eyni zamanda da satış yerində alarkən həmin məhsulun o şəraitə uyğun saxlama şəraitində olmasına da diqqət etməlidir. Çünki bir çox məhsullar var ki, onlar düzgün şəraitdə saxlanılmadıqda, düzgün temperatura əməl olunmadıqda və mal qonşuluğu prinsipi pozulduqda həmin məhsulların tərkibində dəyişikliklər baş verir ki, bu dəyişikliklər də qidanın tərkibinin dəyişməsinə və insan orqanizminə zərər vurmasına səbəb ola bilər. Sözügedən video ilə bağlı isə onu demək istərdim ki, ümumiyyətlə, bu videodakı görüntülər həqiqəti əks etdirmir. Çünki istehsal prosesində belə makaronun bir neçə mərhələdə həmin o qablaşması həyata keçirilir və xüsusilə də daşınması, kassaya qədər gedən bir mərhələdə bu neçə dəfə insan nəzarəti altında həyata keçirilib. 500 qramlıq bir paketdə bu qədər canlının görülməməsi, diqqətdən yayınması həqiqətə uyğun deyil. Xüsusilə də böyük bir şirkətin onun tərkibində keyfiyyətə nəzarət, keyfiyyətinin təminatı bölmələrinin olması bu məsələnin şübhəli olduğunu göstərir ki, burada heç bir həqiqəti əks etdirən görüntü yoxdur və xüsusilə də belə bağlı şəkildə bir paketdə canlıların uzun müddət yaşaması da, yenə də həqiqətə uyğun gəlmədiyinə görə, ümumiyyətlə yaxşı olar ki, istehlakçılar mənşəyi bəlli olmayan, həqiqəti əks etdirməyən və xüsusilə də reytinq xətrinə paylaşılan görüntülərə inanmasınlar. Açıqda satılan qidalar var ki, çəki ilə bunlar bir çox hallarda mənşəyi bəlli olmayan, topdansatış açıq bazarlarda bu məhsullar hər zaman risk mənbəyidir ki, onları alarkən diqqətli olsunlar.
Qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov:
-Ümumiyyətlə, makaronun özü nəmişlikdən, havadan təsirlənə bilən bir məhsuldur. Ona görə də onun qablaşdırılması hava və nəm bariyerini nəzərə alaraq, yəni qarşısını almaq üçün nəzərdə tutularaq qablaşdırılmalıdır. İkincisi, elə qablaşdırılmalıdır ki, daşınmasında və saxlanmasında məhsul zədələnməsin. Qablaşdırma birinci növbədə sağlam şəkildə olmalıdır. Qaldı ki, bu siçan balaları məsələsinə, qida məhsullarının depolandığı neçə ərazidə mütəmadi olaraq gəmiricilər və həşəratlara qarşı dərmanlanma prosesi olmalıdır. Ən azından həftədə bir dəfədən ayda üç dəfəyə qədər. Amma çox təəssüflər olsun ki, sahibkarlar bu günləri dərmanlama proseslərinə maliyyə ayırmırlar. Çünki bu onlara sərf etmir. Və nəticədə də görürsünüz ki, gəmiricilər məhsullara hücum çəkirlər. Yəni burada məhsulu günahlandırmaq olmaz. Burada saxlanma şəraiti düzgün olmayıb. İkincisi də ki, saxlanma deposu çox güman ki, gəmiricilərin hücumuna məruz qalan bir yerdir. Artıq onlar üçün yemə çevrilib və o da girib onun içində həm yeyib, həm də balalayıb. Burada dərmanlama prosesi başda olmalıdır. Qida təhlükəsizliyində məhsulların düzgün şərtlər altında saxlanması üçün temperatur, nəmişlik, rütubət ölçüləri vacibdir, amma bununla yanaşı dərmanlama prosesi də mütəmadi olaraq həyata keçirilməlidir. Qeyd etdiyim kimi həm gəmiricilərə qarşı, həm həşəratlara qarşı dibdən təmizlənmə olmalıdır. Ərazi səthlər dibdən təmiz dezinfeksiya olunmalıdır.
Qida məsələləri üzrə mütəxəssis ekspert Fərid Səfərov:
-Ümumiyyətlə bu video düşünürəm ki, bir şou xarakteri daşıyır. Videoda makaron paketidir və paketin içərisində bağlanmış bir formada guya ki, siçan balaları var. Əslində nəzərə alsaq ki, müasir texnologiya və hal-hazırkı vəziyyət ölkədə olan bu istehsalatla məşğul olan müəssisələr o qədər inkişaf edib ki, bu halın olması ümumiyyətlə, mümkün deyil. Yəni belə bir halın olması cəfəngiyatdır. Ona görə ki, hal hazırda istehsalat müəssisələrinin demək olar ki, əksəriyyətində keyfiyyət standartları tətbiq olunur. İstehsalatla məşğul olan müəssisələrdə qida özü bir neçə mərhələdən keçir. Bu xammalın anbara yerləşdirilməsidir, ondan əlavə istehsal prosesidir. İstehsalat prosesində orda insan amili var və ondan əlavə avadanlıqlara qoşulan redaktorlar var, laboratoriya yoxlamaları var, sonra paketləmə hissəsi ayrıca var. Fikir verin, bu nə qədər yoxlamadan keçir və bu mümkün olmaz ki, bu qədər yoxlamadan keçən paketlənmiş ərzağın içərisində həmin bu gəmirici aşkar olunsun. Ondan əlavə, bu, anbara yerləşdirilir. Logistika məsələləri var, marketə gətirilir, marketdə vitrinə yığılır. Yəni necə ola bilər ki, bu istehsalatda bu görülmədi və ondan əlavə gəldi marketə çıxdı, hətta marketdə vitrinə qoyulanda da görülmədi. Məntiq ondan ibarətdir ki, gəmiricilərin özünə məxsus bir xüsusiyyətləri var. Yəni gəmirici hər hansı bir qapalı bir yerdə qalanda, xüsusən də salafanın içərisində əlbəttə ki, o salafanı gəmirərək, o paketdən azad olmaq, çölə çıxmaq istəyir. Yəni bu məntiqsiz bir şeydir ki, salafanın içərisində gəmirici özü üçün gəzir. Ondan əlavə əgər bu paketlənmə vakumdursa gəmirici, orda havasız şəraitdə nə qədər qala bilər? Ona görə də bu cür halların olmağı düşünürəm ki, sadəcə hər hansı bir insanlar tərəfindən şou xarakteri daşıyır və sadəcə diqqət çəkmək üçün olan bir şeydir. Yəni uzun sözün qısası, müəssisələrdə hal-hazırda keyfiyyət standartları yüksək səviyyədədir. Hal-hazırda da böyük bir mərhələdən keçir və ona görə də bu cür halların olması ümumiyyətlə mümkün deyil.
Bundan əlavə qablaşdırılmış qidaların firmasını seçərkən pisi yaxşıdan necə ayırd edə bilərik? Pisi yaxşıdan ayırd etmək sırf müştərinin boynuna düşür. Yəni, hal-hazırda biz nə qədər desək ki, filan firmanın tutaq ki, makaronu daha keyfiyyətlidir, əlbəttə ki, müştəri cibinə, özünə uyğun məhsulu seçəcək. Burda xüsusi, xüsusilə mən hər hansı bir firma adı çəkmək istəmirəm. Bunu sırf müştərini öz ixtiyarına buraxıram. Kimin cibinə, hansı uyğundursa, o markanı da seçib ala bilər. Bildiyiniz kimi, marketdə fərqli çeşid, fərqli markaların fərqli qiymətə məhsulları var. Demək olar ki, aşağı yuxarı keyfiyyət olaraq demək olar ki, hər hamısı eynidir. Ola bilər ki, müəyyən bir qablaşma formasına görə və ya əlavə qatqılara görə hər hansı bir kiçik bir fərq ola bilər. Amma ümumilikdə demək olar ki, hamısı eynidir.
~ Abbaszadə Fidan