Oturaq işdə çalışanların gün ərzində nə qədər piyada gəzməsi məqsədəuyğundur?

0 Shares

Uzun müddət masa arxasında oturmaq sağlamlığınıza ciddi təsir göstərə bilər. Bir çoxumuz üçün normaya çevrilmiş oturaq həyat tərzi ürək-damar xəstəliklərinin, piylənmənin və diabetin inkişaf riskini artırır, həmçinin görmə, oynaqlar və onurğa sütununa mənfi təsir göstərir. Oturaq həyat tərzi bu gün qaçılmaz bir haldır. Son dövrlər oturaq həyat tərzinin yaratdığı piylənmə problemi pandemiya halını alıb.

Oturaq iş niyə təhlükəlidir? Oturaq işdə çalışanların gün ərzində nə qədər piyada gəzməsi məqsədəuyğundur? Müsbət və mənfi tərəfləri hansılardır. SİA mövzu ilə bağlı şəhər sakinlərinin və ekspertlərin fikirlərini öyrənib.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova: “Oturaq həyat rejimi keçirən insanlarda müasir dövrdə bir çox sağlamlıq problemləri ortaya çıxır. Bunlar birinci növbədə ürək-damar xəstəlikləridir. Çünki uzun müddət oturaq həyat tərzi keçirən insanlarda qan dövranının sürəti zəifləyir. Belə olan halda damarların daralması, xolestron səviyyəsinin yuxarı qalxması və zamanla təzyiq xəstəlikləri ortaya çıxır. Eyni zamanda mədə-bağırsaq sisteminin pozulması, həzm sisteminin pozulması ilə də nəticələnir ki, bu da birbaşa olaraq immun sisteminin aşağı düşməsinə səbəb olur. Yaxşı olar ki, bütün insanlar hər gün oturaq həyat tərzi keçirmək əvəzinə, gün ərzində 2 dəfə 30 dəqiqə olmaqla sürətlii yürüş etsinlər. Həm də mümkündürsə, liftdən az istifadə edərək pilləkənlərdən istifadə etsinlər. Zamanla 20-25 yaşa qədər özünü bəlli etməsə də, 25 yaşdan sonra sümük əriməsinə gətirib çıxarır ki, bu da xarici görünüşün pozulmasına, boyun və baş ağrılarına səbəb olur. Bu kimi insanlar piylənmədən, şəkərli diabetdən də əziyyət çəkirlər. Ona görə qəbul etdikləri qidalar daha az yağlı, az qızardılmış, tez həzm olunan, kalorisi az olsun. Uzun müddət hərəkətsiz qaldıqda yuxu sistemi də pozulur. Bu da birbaşa hormonal sistemin sıradan çıxmasına səbəb olur. Bu ya iştahsızlıq, ya da həddindən artıq qida qəbuluna gətirib çıxarır. Belə olan halda da depresiyaya meyillilik, sinir sisteminin pozulması halları baş verir. Hərəkətli olduqda isə hormon sistemi özünü bərpa edir, yenilədiyi üçün də depresiyadan uzaqlaşır, əhval-ruhiyyənin yüksək olması baş verir”.

  • Hüseynli Nərgiz