Orqanik məhsulları digərlərindən necə ayırd edək? – Ekspert Asim Veliyev AÇIQLADI

0 Shares

“Ölkəmizdə “orqanik” sözü gündəlik dildə tez-tez işlədilir. Hüquqi sənədlərdə isə əsasən “ekoloji təmiz” anlayışından istifadə olunur. Mövcud markalanma qaydalarına görə “ekoloji təmiz” termini beynəlxalq praktikada işlədilən bioloji, üzvi və təbii anlayışları ilə eyni məna daşıyır”.

Bu sözləri Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, “Orqanik” məhsulu etiketdən tanımağın ən praktik yolu gözə xoş gələn sözləri axtarmaq deyil, əsas məsələ izlənilə bilən məlumatların olub-olmamasıdır:

” 2018-ci ildə təsdiqlənmiş “Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası”na əsasən, ekoloji təmiz məhsullar akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən markalanmalıdır. Bu zaman etiketdə “EKO” qeydinin yer alması məntiqi hesab olunur.

Qaydaya görə etiketdə, yaxud qablaşdırılmadan satılan məhsulların qoşma sənədlərində müəyyən məlumatlar göstərilməlidir. Bunlara istehsalçı və ya emalçı müəssisənin adı və ünvanı, milli əmtəə nişanı, məhsulun adı və növü, tərkibi, çəkisi və miqdarı, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərtləri və ekoloji müşahidənin nəticələri daxildir. Ən vacib məlumat isə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adıdır.

Bu məlumatların hamısını marketdə əzbərləmək çətindir. Amma etiketdə məhsulun ekoloji təmizliyinə cavabdeh olan qurumun adı yoxdursa, “orqanik” iddiası çox vaxt sadəcə reklam xarakteri daşıyır.

Sertifikat etibarlılığı artırır. Sistem “sözə” deyil, nəzarətə və sənədə əsaslanır. Markalanma qaydalarında da prosesin akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üzərindən aparıldığı qeyd olunur. Akkreditasiya həmin qurumun səriştəsinin rəsmi şəkildə tanınması deməkdir. Bu sahədə rəsmi qurum kimi Azərbaycan Akkreditasiya Mərkəzi fəaliyyət göstərir və açıq akkreditasiya bazası mövcuddur”.
Ekspert onu da vurğuladı ki, “sertifikat var, deməli hər şey qaydasındadır” yanaşması düzgün deyil:

“Saxtalaşdırma cəhdləri istənilən bazarda mümkündür. Ona görə də etiketdəki izlənilə bilən məlumatlar həmişə əsas meyar olaraq qalmalıdır. Bazarda satılan, üzərində “orqanik” yazılan hər məhsula inanmaq sadəlövhlük olardı. Xüsusilə açıq şəkildə, etiketsiz satılan məhsullarda bu iddia sənədlə təsdiqlənmirsə, istehlakçı üçün onun dəyəri azalır.

Ölkəmizdə müəyyən dövrlər üçün təsdiqlənmiş orqanik sertifikatlaşdırma qurumlarının siyahısında “AZ-BIO” kodları ilə tanınan qurumlar yer alıb. Ancaq bu siyahılar tarixə bağlıdır və zamanla dəyişə bilər. İdxal məhsullarda beynəlxalq səviyyədə tanınan loqo və kodlara rast gəlsək belə, qərarı təkcə kodun mövcudluğuna əsasən vermək düzgün olmaz. Seçim etiketdəki digər izlənilə bilən məlumatlarla birlikdə qiymətləndirilməlidir”.

  • Nərgiz Hüseynli