Naxçıvan Dövlət Texniki Kollecində “COP29-la bağlı beynəlxalq təşəbbüslər” adlı forum keçirildi. Bu forumun məqsədi iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir. Forum Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə, “Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildi.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, açılış mərasimində iştirak edənlər Azərbaycan Dövlət Himnini səsləndirdilər və şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad etdilər.
Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tədbirin mahiyyətini vurğulayaraq, iqlim dəyişikliyi ilə mübarizənin gənclər üçün vacibliyini qeyd etdi. O bildirdi ki, bu kimi tədbirlər gənclərimizin bilik və bacarıqlarını artırmağa, ekoloji problemlərə daha dərindən yanaşmağa kömək edir.
Açılış çıxışları çərçivəsində Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev iqlim dəyişikliyinin qlobal təsirlərini vurğulayaraq, “Bu forum, bizim gənclərin iqlim mübarizəsinə olan münasibətini gücləndirmək və onların bu sahədəki iştirakını artırmaq üçün mükəmməl bir fürsətdir,” dedi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirliyinin şöbə müdiri Şövqi Əliyev ölkəmizin ekoloji siyasətinin və bu sahədə atılan addımların əhəmiyyətini vurğuladı.
Ali Məclisin deputatı Üzeyir Məmmədov gənclərin iqlim hərəkatında aktiv iştirak etməsinin əhəmiyyətini qeyd edərək, “Gənclərin səsi, bizim gələcəyimizi formalaşdıracaq. İqlim dəyişikliyi ilə mübarizədə gənclərimizi daha da irəlilətməliyik,” dedi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov bu forumun gənclər arasında ekoloji maarifləndirməni artırmaq üçün əhəmiyyətli bir platforma olduğunu bildirdi.
Azərbaycan Naxçıvan Gənclər Fondunun Naxçıvan filialının aparıcı mütəxəssisi Çingiz Ağayev “Gənclərimizin ekoloji biliklərini artırmaq və iqlim təşəbbüslərində fəal iştirakını təmin etmək ölkəmizin inkişafına böyük töhfə verəcəyini” qeyd etdi.
Naxçıvan MR Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin maarifləndirilməsi və iştirakını dəstəkləmək bizim üçün prioritet olduğunu” bildirdi. Açılış çıxışlarından sonra forum çərçivəsində keçirilmiş panel müzakirələri, iqlim dəyişikliyi və onun təsirləri ilə bağlı dərin biliklər təqdim etdi. Panelistlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyev, Dövlət Energetika Xidmətinin Elektrik stansiyaları və şəbəkələri şöbəsinin müdiri Miryunis Seyidov iqlim dəyişikliyi ilə bağlı yaşıl enerji təşəbbüslərinin təsiri haqqında ətraflı məlumat verdi.
Daha sonra Naxçıvan regional miqrasiya baş idarəsinin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Samir Sadiqov, “İqlim dəyişikliyi və miqrasiya: Sosial və ekoloji təsirlərin idarə edilməsi” mövzusunda çıxış edərək, iqlim dəyişikliyinin miqrasiya üzərindəki təsirlərinə diqqət çəkdi. O, “İqlim dəyişiklikləri, insanların yaşayış şəraitini ciddi şəkildə dəyişdirir və bu da miqrasiyanı təşviq edir,” dedi.
“Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsinin direktor müavini Namiq Şalbuzov, kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasını müzakirə edərək, “Kənd təsərrüfatı, iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Bizim bu sahədə müsbət dəyişikliklər etməyə ehtiyacımız var,” bildirdi. Naxçıvan QTİ-nin elmi araşdırmalar üzrə mütəxəssisi Səidə Bayramova, ərzaq təhlükəsizliyi və ekoloji dəyişikliklərin ərzaq sistemlərinə təsiri mövzusunda məlumat verdi.
Sual-cavab sessiyasında, forum iştirakçıları panelistlərə suallar ünvanlayaraq, iqlim dəyişikliyi və sosial məsuliyyət mövzularında aktiv müzakirələr apardılar.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi. Forum, iştirakçıların qlobal iqlim hərəkatında daha fəal rol almasına dair bilik və resursları təmin etdi.
Naxçıvan Dövlət Texniki Kolleci, bu forumun təşkilatçısı olaraq, gəncləri və mütəxəssisləri bir araya gətirərək, iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətin vacibliyini bir daha vurğuladı. Forumdan əldə olunan təcrübələr, Azərbaycanın iqlim hərəkatında daha geniş bir platforma yaratmağa xidmət edəcəkdir.
Bu cür tədbirlərin təşkili, gənclərin ekoloji məsuliyyətini artırmaqla yanaşı, ölkəmizin iqlim hərəkatına olan töhfələrini də artırmağı hədəfləyir. Naxçıvan Dövlət Texniki Kolleci, gənclərin bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək üçün gələcəkdə də eyni istiqamətdə tədbirlərin təşkilini planlaşdırır.
~ Abbaszadə Fidan