“Tərkibinin zənginliyinə görə nar bir çox xəstəliyin dərmanı hesab edilən meyvələrdəndir”.
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, xüsusilə narın tərkibi “A”, “C” və “E” vitaminləri ilə zəngindir:
“Bundan başqa, onun tərkibində fol turşusu və antioksidant maddələr çoxdur. Bu da narın bir çox xəstəliklərin müalicəsi zamanı istifadə olunmasına səbəb olur. Ümumiyyətlə, onun tərkibində antioksidantların çox olması iltihablı xəstəliklərin müalicəsinə kömək olur. Eyni zamanda, xərçəng xəstəliyinin müalicəsi zamanı da nardan istifadə olunur”.
Ekspert diqqətə çatdırıb ki, nar sağlam insan orqanizmindəki sərbəst radikallarla mübarizə aparır:
“Bu isə bir çox təhlükəli xəstəliklərin yaranmasının qarşısını alır. Həmçinin, narın tərkibindəki “A”, “C”, “E” vitaminləri insan orqanizmində bioloji qocalmanın qarşısının alınmasında, dərinin elastikliyinin bərpa olunmasında, eləcə də dərinin daha parlaq və canlı görünməsi üçün çox effektivdir. Üstəlik, həm narın meyvəsi, həm də narın toxumu bu faydaların görə kosmetik vasitələrdə də çox istifadə olunur”.
Mütəxəssis qeyd edib ki, nar qan dövranını yaxşılaşdırdığına görə ürək-damar xəstəlikləri zamanı çox faydalıdır:
“Mütəmadi olaraq nar qəbul edən insanlarda damar tıxanıqlığı problemləri ümumiyyətlə rast gəlinmir. Nar həm də mədə-bağırsaq və həzm sistemində problemi olan insanlara da müsbət təsir göstərir. Belə ki, mədəsində yara, qastrit olan şəxslər, habelə bağırsaq və mədəsində iltihablanma olanlar müalicə zamanı nardan istifadə edə bilərlər. Bununla da xəstəliklərindən tam şəkildə xilas ola bilərlər.
Həmçinin, yetkinlik dövründə olan oğlanlar və qızlar çox nar qəbul etsələr, cinsi yetişkinlik dönəmində inkişafları normal gedər. Bu da gələcəkdə daha sağlam övlad dünyaya gətirmələrinə səbəb olur”.
Məhsəti Hüseynova narın digər faydalarından da bəhs edib:
“Nar şəkərli diabet üçün də çox faydalı qida hesab olunur. Çünki insulin dirəncini azaldır və qanda şəkəri normaya salmaqda kömək edir. Yəni burada da narın faydaları danılmazdır.
Bundan əlavə, nar tərkibindəki maddələr sayəsində orqanizmdə stress hormanı hesab olunan kortizolun səviyyəsini normallaşdırır. Bu isə yorğunluq və narahatlıq hiss edən insanların narı yedikdən sonra əhvalının düzəlməsinə səbəb olur”.
- Hüseynli Nərgiz