Mütəxəssis: Yay aylarında bəzi qidalar yüksək risk qrupuna daxildir və isti havada daha tez xarab olur

0 Shares

Yay mövsümündə müşahidə olunan yüksək temperatur və isti hava dalğaları təkcə insanların sağlamlığına deyil, qida təhlükəsizliyinə də ciddi təsir göstərir. Havanın normadan artıq isinməsi qida məhsullarının daha tez xarab olmasına, bakteriyaların sürətlə çoxalmasına və nəticədə qida zəhərlənməsi riskinin artmasına səbəb olur. Son günlər ölkənin müxtəlif şəhər və rayonlarında qeydə alınan kütləvi qida zəhərlənmələri də bu məsələni yenidən gündəmə gətirib. Bəs isti hava qida təhlükəsizliyinə necə təsir edir? 

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Ekologiya.az-a açıqlamasında deyib ki, yüksək risk qrupuna əsasən süd və süd məhsulları, xüsusilə qatıq, pendir və qaymaq, eləcə də ət və ət məhsulları daxildir:

“Bundan başqa, dəniz məhsulları, balıq, yumurtadan hazırlanan qidalar, kremli şirniyyatlar, ev şəraitində hazırlanmış qarışıq salatlar, həmçinin kəsilmiş və doğranmış meyvələr də tez xarab olmağa meyllidir. Bu məhsulları həm evdə saxlayarkən, həm də satış yerlərindən alarkən onların təzə olmasına və 2-4 dərəcə temperaturda saxlanılmasına diqqət yetirilməlidir. Əgər məhsulların düzgün şəraitdə mühafizəsi mümkün deyilsə, onları az miqdarda almaq tövsiyə olunur. Bişirilmiş qidalar otaq temperaturunda 2 saatdan artıq saxlanılmamalı, mütləq soyuducuya yerləşdirilməlidir. Hər bir məhsul öz xüsusiyyətinə uyğun qablaşdırmada saxlanmalı, hazırlanması və mühafizəsi zamanı sanitar-gigiyena qaydalarına ciddi əməl edilməlidir”.

Mütəxəssis bildirib ki, yay mövsümü müxtəlif meyvələrin bol olduğu dövrdür:

“Lakin bəzən meyvələr yuyulmadan və ya kifayət qədər yaxşı yuyulmadan istehlak edilir ki, bu da sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Buna görə də meyvələrin istifadəsindən əvvəl onların yaxşı yuyulmasına xüsusi diqqət yetirilməlidir. Qida Təhlükəsizliyi Agentliyi də satış məntəqələrində nəzarəti mütəmadi olaraq gücləndirməlidir. Qeyri-qanuni satışların, mənşəyi məlum olmayan məhsulların dövriyyəsinin qarşısı alınmalı, məhsulların daşınması və saxlanılması zamanı soyuq zəncir prinsiplərinə riayət olunmalıdır. Bununla yanaşı, əhalinin davamlı şəkildə maarifləndirilməsi də vacibdir. Hazırda bu istiqamətdə qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr həyata keçirilsə də, onların müddəti qısa və birdəfəlik olur”. 

M. Hüseynova əlavə edib ki, bu səbəbdən maarifləndirmə işinin aidiyyəti dövlət qurumları tərəfindən davamlı şəkildə aparılması daha səmərəli nəticə verə bilər:

“Təəssüf ki, keyfiyyətsiz və sağlamlığa zərərli qidaların reklamı daha geniş auditoriyaya çatdığı halda, qida təhlükəsizliyi ilə bağlı vacib məlumatlar insanlara kifayət qədər əlçatan olmur. Bu məlumatların müxtəlif vasitələrlə daha geniş şəkildə ictimaiyyətə çatdırılması məqsədəuyğundur. Supermarketlərdə və digər satış obyektlərində soyuducuların düzgün işləməsinə, məhsulların istehsal və son istifadə tarixlərinə ciddi nəzarət edilməlidir. Mənşəyi məlum olmayan və açıq şəkildə satılan keyfiyyətsiz məhsulların satışına məhdudiyyət qoyulmalıdır. Qida təhlükəsizliyində işçi heyətinin şəxsi gigiyenası da mühüm əhəmiyyət daşıyır.

 Personalın mütəmadi təlimatlandırılması və maarifləndirilməsi vacib şərtlərdəndir. Eyni zamanda, bir çox mətbəxdə çiy və bişmiş məhsulların eyni yerdə saxlanılması, eyni doğrama taxtası və səthlərindən istifadə olunması çarpaz çirklənmə riskini artırır. Buna görə də həm supermarketlərdə, həm də ictimai iaşə obyektlərində işçi heyətinin mütəmadi təlimatlandırılması və bu sahədə nəzarət tədbirlərinin davamlı şəkildə həyata keçirilməsi zəruridir”.

  • Fidan Abbaszadə