Mövsümündən əvvəl istifadə edilən meyvə və tərəvəzlərin fəsadları – Ekspert Məhsəti Hüseynovadan AÇIQLAMA

0 Shares

Fəsillərin dəyişməsiylə artıq bir-çox meyvə tərəvəzləri bazarlarda görmək mümkündür. Lakin bəzən bu meyvə-tərəvəzlər mövsümündən əvvəl satışa çıxır. 

Bəs vaxtından əvvəl satışa çıxarılan bu meyvə və tərəvəzlərdən istifadə etmək düzgündürmü? Bu məhsulları qəbul etdikdən sonra insan orqanizminə necə təsir edə bilər? Bunun insan orqanizmi üçün hansı fəsadları var?

Bununla bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Turkustan.az-ın suallarını cavablandırıb.

M.Hüseynova bildirib ki, “ilk olaraq elə insan həmin mövsümü gözləməyə səbirsizlənir və o qidalardan istifadə edir. Düşünür ki, bunlar həmin dadda, həmin keyfiyyətdə olacaq. Xüsusilə həssas qruplar, o cümlədən uşaqlar, həmçinin xroniki xəstəlikləri olan yaşlı insanlar və hamilə qadınlar daha çox meyvə və tərəvəz yeyirlər. Onların arasında alça, pomidor, xiyar, bəzən badımcan və digər meyvə-tərəvəzləri görmək olar. Bunlar bildiyiniz, kimi mövsümündə olmadıqda istixanalarda yetişdirilir. Bunların da yetişməsi üçün süni və kimyəvi müdaxilələr olur ki, bunlar həm onları istixanalarda, yetişdirmək üçün, qədərindən artıq kimyəvi dərmanlar və eyni zamanda hormonlardan istifadə edirlər. Bir çox hallarda bu məhsulları qəbul edən insanlar hormonal balanssızlıq və təhlükəli xəstəliklər kimi xərçəng xəstəliyindən əziyyət çəkirlər. Eyni zamanda, həzm orqanlarının fəaliyyəti pozulduğu müşahidə olunur. Mütləq şəkildə bilmək lazımdır ki, bu məhsullarda hormonların və kimyəvi maddələrin istifadəsi heç vaxt tərkibindən çıxarılmır. Qəbul etdikdə insan orqanizminə keçir. Bəzən onları yetişməmiş toplayırlar ki, uzun məsafələrə daşınarkən öz-özünə yetişsin və ya xarab olmasın. Bu da onların tərkibinin tam yetişməməsi ilə əlaqədardır. Eyni zamanda onu yeyən insanlarda qan dövranı sisteminin və ürək-damar sisteminin fəaliyyəti pozulur ki, bu da ani infarktlara, ani ölümlərə və beyinə qan sızmasına səbəb olur. Bunun ən görünən hallarından biri passiv zəhərlənmələrdir ki, insanlar bu cür məhsulları qəbul edirlər, bəzən həmin an reaksiya vermirlər və bu da zamanla insan orqanizmində zəhərlənmələrə səbəb olur”.

Ekspert əlavə olaraq bildirib ki, “məhz buna görə də bu məhsullarla qana daxil olan bir çox kimyəvi maddələr, zəhərli maddələr orqanizmdən demək olar ki, xaric edilmir və müəyyən müddətdən sonra öz nəticələrini verməyə başlayır. Yaxşı olar ki, Azərbaycan olaraq yaşadığımız ölkədə hər fəsilə uyğun, meyvə tərəvəzlər var ki, onlardan istifadə edək. Mövsümi meyvə və tərəvəzlərdən istifadə etdikdə bədənimiz onların tərkibindəki vitamin və mineralları qiymətləndirəcək və faydalanacaq. Eyni zamanda, bu qidalar bədənə daha təsirli şəkildə fayda verəcəkdir. Əks halda, belə meyvələrin çoxlu miqdarda qəbulu insan orqanizmi üçün birbaşa təhlükə yaradır. Xüsusən də hamilə qadınlar bu qidaları yesələr, həm öz orqanizmlərini, həm də bətnindəki uşağın sağlamlığını təhlükə altına qoyurlar”.

  • Hüseynli Nərgiz