Mövsümü olmayan qidalardan istifadə xərçəng riski yarada bilər – Ekspert Məhsəti Hüseynova’dan AÇIQLAMA

0 Shares

Mövsümü olmayan qidaların istifadəsi müasir dövrün qida istehlakında geniş yayılan hallardan biridir. Bu qidalar ilin istənilən vaxtında mövcud olmaqla insanların seçimlərini artırır və bəzi hallarda daha rahat həyat tərzi təmin edir. Lakin mövsümdən kənar yetişdirilən və ya uzaq məsafələrdən gətirilən bu məhsulların keyfiyyəti, qida dəyəri və ətraf mühitə təsiri barədə suallar yaranır.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Crossmedia.az-a danışıb. Mütəxəssis bildirib ki, mövsümü olmayan qidaların hazırlanmasında kimyəvi maddələrdən istifadə olunur və bu, insan sağlamlığına zərər verir:

“Hal-hazırda Azərbaycanda, eləcə də dünyada bir çox meyvə-tərəvəz var ki, bunlar artıq mövsümü olmasa belə, satışda çox asanlıqla əldə olunur və əksər hallarda bu məhsullardan hər kəs istifadə edir. Mövsümündə olmayan meyvə-tərəvəzlərin yetişdirilməsi üçün xüsusi şərait və texnologiyalar tələb olunur ki, bunlar adətən kimyəvi maddələrdən, pestisidlərdən istifadə edilməklə yetişdirilən qida məhsullarıdır. Uzun müddət həmin məhsullardan istifadə etdikdə tərkibindəki kimyəvi maddələrin qalıqlarına görə sağlamlıq təsirləri olur. Xüsusilə, bəzən onların sürətli şəkildə yetişdirilməsi üçün hər hansı hormondan, etilen qazından süni şəkildə istifadə olunur. Bu da təbii yetişmə prosesinə zidd olduğuna görə bu məhsulların həm qida dəyəri, həm də dadı pozulur və təbii halından çox fərqlənir. Bu isə insan orqanizmində sağlamlıq problemləri yarada bilər”.

Məhsəti Hüseynova mövsümü olmayan qidaların insan orqanizmində yaratdığı xəstəliklərdən danışıb:

“Davamlı olaraq bu kimi məhsulları qəbul edən insanlarda vitamin və mineralların azalması, çatışmazlığı, eləcə də hormonal balansın pozulması müşahidə edilir. Bəzən pestisidlərdən və kimyəvi maddələrdən çox istifadə olunması mərkəzi beyin sisteminin funksiyasını pozmaqla yanaşı, immun sisteminin də azalmasına gətirib çıxarır. Eyni zamanda uzun müddət belə məhsullardan istifadə edən insanlarda müəyyən növ xərçəng riski də yarana bilər”.

Müsahibimiz sonda qeyd edib ki, bu proseslərdən ən çox zərər çəkən insanlar uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan şəxslər və hamilə qadınlardır. Onlarda immun sistemi zəif olduğuna görə bəzən həmin insanlarda allergiya yarana bilər və bu, xroniki xəstəliklərin inkişafına səbəb ola bilər. Hamilə və süd verən qadınlarda isə bu məhsullar uşağın sağlamlığına mənfi təsir göstərə bilər. Sağlam olmaq üçün yerli və mövsümü meyvə-tərəvəzlərdən istifadə edilməsi tövsiyə olunur.

  • Hüseynli Nərgiz