Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gənc və Yeniyetmələrə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə “Milli Parklarımızı tanıyaq və tanıdaq” adlı layihəsi çərçivəsində gənclərin iştirakı ilə Abşeron, Samur-Yalama, Hirkan və Şirvan milli parklarına infoturlar təşkil olunub.
Bu infoturların məqsədi tələbələrə Azərbaycanın milli parklarının biomüxtəlifliyi, ekosistemin qorunması, təbiətin dəyəri və ətraf mühitin mühafizəsi ilə bağlı biliklər vermək, onların milli parklara olan marağını artırmaq və təbiət irsimizin gələcək nəsillərə ötürülməsində fəal iştiraklarını təmin etməkdir. Eyni zamanda, tələbələrin ətraf mühit və ekoloji maarifləndirmə sahəsində biliklərinin artırılması, milli parkların əhəmiyyəti və təbiətimizin zənginliyi barədə məlumatların geniş kütləyə çatdırılması məqsədi daşıyır.
Tədbirləri giriş sözü ilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin müdiri Elnur İbrahimov açaraq milli parkların Azərbaycanın təbiət sərvəti olduğunu vurğulayıb. O, bu cür infoturların gənclər arasında parkların vəhşi təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində daha çox bilik əldə etmələrinə şərait yaratdığını bildirib. Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin məsləhətçisi Aytac Xələfli Hirkan Milli Parkının özəlliklərindən də bəhs edərək
Layihə rəhbəri və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxışında layihənin əhəmiyyətinə toxunaraq bildirib ki, ekoloji maarifləndirmə yalnız bu cür infoturlar vasitəsilə geniş yayıla bilər. O, tələbələrin ətraf mühitlə bağlı biliklərinin artırılmasının gələcəkdə onların sağlam və ekoloji düşüncəyə sahib vətəndaşlar kimi yetişməsində əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev gənclərin ekoloji maarifləndirilməsi və təbiətə qayğıkeş münasibət aşılanmasının gələcək nəsillər üçün zəruri olduğunu qeyd edib. O, gənclərin bu kimi layihələrdə iştirakı ilə həm fərdi, həm də ictimai məsuliyyət hisslərinin artacağına əmin olduğunu bildirib.