0 Shares

Yaz və yay fəsili həm də meyvə-tərəvəz yetişdiyi dövrdür. Lakin çox hallarda meyvələrin dadı ya xoşagəlməz, ya da insan sağlığına müəyyən qədər zərərli olur. Mütəxəssislərin sözlərinə görə, həmin meyvə- tərəvəz normada qəbul edilərsə, o qədər də zərərli deyil. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, məhsulun bar vaxtında dərmanlardan istifadə etmək olmaz: “Yay və yaz aylarında meyvə -tərəvəz yetişir. O ərəfələrdə meyvə və tərəvəzləri dərmanlamaq olmaz. Çünki meyvənin bar vaxtında onu dərmanlayanda əks fəsadları olur. Fermerlər öncəliklə buna diqqət etməlidirlər. Lakin çox təəssüf ki, yerli fermerlər buna diqqət etmirlər. Bu qaydalara əməl edilmir. Bu da bilgisizlikdən irəli gəlir. Gərək bu məsələ haqda fermerlər arasında maarifləndirilmə aparılsın”. 

Ekspert vurğulayıb ki, dərmanlar ən çox tərəvəzlərin yetişdirilməsində istifadə olunur: 

“Tərəvəzlərin becərilməsində ən çox azot gübrəsindən istifadə edilir. O da məhsulun tərkibinin bir qədər dəyişməsinə səbəb olur. Onun müəyyən qədər fəsadları olsa da, ancaq ümumilikdə qorxulu nəticələrlə yekunlaşa bilməz”. 

Qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova isə bildirib ki, meyvə-tərəvəzlər insan orqanizmində vitamin və mineralları təmin edən ən vacib qidalardan hesab olunur:

 “Lakin diqqət etmək lazımdır ki, bu faydalı cəhətdən yararlamaq üçün mütləq şəkildə yerli və təbii şəkildə yetişən meyvə- tərəvəzlərdən istifadə olunmalıdır. Əks halda süni şəkildə yetişdirilən, xaricdən gətirilən meyvə- tərəvəzlərin tərkibində yetişdirilməsi zamanı istifadə olunan zərərli maddələr insan orqanizmində allergiyaya səbəb olur, orqanizm tərəfindən mənimsəndikdə mədədə zamanla yığılır, qaraciyərdə və böyrəkdə çatışmazlığa gətirib çıxarır. Xüsusilə də immun sistemi zəif, xroniki xəstəliyi olan, həssas qrupdan olanlar, uşaqlar, yaşlılar daha tez təsirlənirlər. Bəzən onlar bu kimi məhsullardan zəhərlənmə də olur”. 

Mütəxəssis qeyd edib ki, meyvə-tərəvəz seçərkən diqqət etmək lazımdır:

“Mövsümlə əlaqədər olaraq meyvə – tərəvəzləri düzgün şəkildə qəbul etmək lazımdır. Yaxşı yuyulub sonra istifadə olunmasına diqqət etmək lazımdır ki, burda da gigiyena qaydaları normaları çox önəmlidir. Meyvələr yuyulmadan qəbul edildikdə insan orqanizmində kimyəvi dərmanlarla zəhərlənmənin baş verməsi ilə yanaşı, həzm sistemində pozulmalara gətirib çıxara bilər”. 

~ Abbaszadə Fidan