Məktəblilərin düzgün və sağlam qidalanması onların həm dərs performansına, həm də ümumi sağlamlığına birbaşa təsir göstərir. Bu mövzuda QHT.az suallarını Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovaya ünvanladı.
O, məktəbli uşaqların gün ərzində düzgün qidalanmasının əhəmiyyəti, səhər yeməyinin ideal tərkibi və şəkərli içkilərin uşaqların enerjisinə təsiri barədə ətraflı məlumat verdi.
QHT.az: Məktəbli uşaqlar üçün gün ərzində düzgün qida qəbulunu necə təşkil etmək olar?
Məhsəti Hüseynova: “Məktəbli uşaqlar üçün düzgün qidalanma çox vacibdir, çünki onların bədəninin həm fiziki, həm də zehni inkişafı davam edir. Gündəlik qida rasionunda mütləq zülal, karbohidratlar, yağlar və vitamin-mineral balansı nəzərə alınmalıdır. Zülal mənbəyi olaraq yumurta, süd məhsulları (süd, qatıq, pendir), balıq və toyuq ətindən istifadə etmək olar. Karbohidrat olaraq isə təbii, işlənməmiş çörək məhsulları və meyvələr önəmlidir. Uşaqların qidalanmasında faydalı yağlar da yer almalıdır, məsələn, zeytun yağı və ya qoz, fındıq kimi yağlı toxumlar. Gün ərzində az porsiyalarla, lakin tez-tez qidalanmaq daha məqsədəuyğundur. Bu, uşaqların enerjili qalmasına və yorğun olmamasına kömək edəcəkdir.”
QHT.az: Hər gün məktəbə gedən bir uşaq üçün ideal səhər yeməyi nədən ibarət olmalıdır?
Məhsəti Hüseynova: “Səhər yeməyi uşaqlar üçün ən vacib qidadır, çünki uzun gecə saatlarından sonra bədənə enerji vermək lazımdır. İdeal səhər yeməyində zülal və karbohidrat balansına diqqət edilməlidir. Yumurta, süd, pendir, qatıq kimi zülal tərkibli qidalar məsləhət görülür. Bununla yanaşı, tam taxıllı çörək və ya qoz-fındıq kimi sağlam yağlar da səhər yeməyində yer almalıdır. Meyvə də səhər yeməyinə əlavə edilə bilər, çünki təbii şəkər və vitaminlərlə zəngindir. Bu qidalar uşaqlara gün ərzində enerjili qalmağa kömək edəcək.”
QHT.az: Şəkərli içkilərin və yüksək kalorili şirniyyatların uşaqların enerjisi və dərslərdəki məhsuldarlığına təsiri nədir?
Məhsəti Hüseynova: “Şəkərli içkilər və yüksək kalorili şirniyyatlar uşaqların sağlamlığına mənfi təsir edir. Bu cür qidalar qısa müddət ərzində qan şəkərini sürətlə artırır, lakin sonra tez bir zamanda azalır, nəticədə uşaq özünü yenidən ac və yorğun hiss edir. Bu da onların gün ərzində fokuslanmasına və dərslərdəki məhsuldarlığına mənfi təsir edir. Şəkərli içkilər həm də orqanizmdə su balansını pozur, çünki bədən daha çox toksin atmağa çalışır. Bunun əvəzinə, uşaqlara daha çox su içmək tövsiyə olunur. Su bədənin toksinləri atmasına və qidaların daha yaxşı həzm edilməsinə kömək edir.”
Bu müsahibə vasitəsilə məktəblilərin düzgün qidalanmasının onların dərs performansına və ümumi sağlamlığına necə təsir etdiyini daha yaxşı başa düşmək mümkündür.
~ Abbaszadə Fidan