Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir?

0 Shares

Son günlər artan zərərli qidalar insan sağlamlığına ziyan verir. Son günlər keyfiyyətsiz, sağlamlığa zərərli və mənşəyi bilinməyən ərzaq məhsulları ilə bağlı narahatçılıqlar yenidən gündəmə gəlib. Gündəmi məşğul edən süni qidalar-yumurta, düyü, qarğıdalı, bitki yağları, quş ətləri əsl xəstəlik mənbəyidir. Bəs insanlar sağlam qidalanma üçün nə etməlidir? Məsələnin aktuallığını nəzərə alaraq SİA olaraq qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

Qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, qidalanmamızda səhv etməmək üçün ilk olaraq sağlam qidanın nə olduğunu dərk etməliyik: “Orqanizmin böyüməsi, inkişafı, günlük həyat prosesləri kimi funksiyaları yerinə yetirməsi üçün balanslı və yetərli miqdarda zəngin qida elementləri ilə qidalanması sağlam qidalanma adlanır. Hansı qidanı hansı zamanda, miqdarda və şərtdə qəbul etmək də önəmlidir. Hal-hazırda qidalarda “inkişaf” prosesi gedir. Çünki “inkişaf” artdıqca qidaların tərkibi azalır və ucuz keyfiyyətsiz mallar daha çox istehsal olunur. Bu da faktdır ki, bəzi nəhəng qida və dərman şirkətləri bir-biri ilə əlbir olub “biznes” qururlar. Keyfiyyətsiz məhsullar maliyyə vəsaiti tələb edən xəstəliklərə səbəb olur. Bütün bunlar monopoliya kimi qiymətləndirilir.

Yağ orqanizmin enerji mənbəyidir və gündəlik istehlakda mütləqdir. Ucuz yağlar məsələsinə nəzər salsaq, normal yağ süddən, ayrandan hazırlanmalıdır. Alıcı 2-3 manatlıq yağı gördükdə düşünməlidir ki, burada yağdan söhbət gedə bilməz. Yağın istehsal prosesi çox mərhələlərdən keçir və qatqılara məruz qalır. Marqarin və trans yağlara qatqılar əlavə olunub “kərə yağı” adı ilə satılır. İstehsalçıların ən böyük yalnışı “bitki tərkibli”, “natural” və s. şablonlarla insanları aldatmaqdır. Yaxşı yağ açıq-sarı rəngli, iysiz, çörəyin üzərinə əlavə etdikdə topaclanmamalı və bıçağa yapışmamalıdır. Qiymətə önəm verildiyi kimi keyfiyyət də əsasdır. Ucuz yağlar mədə-bağırsaq sisteminin funksiyasını pozur, damar tıxanıqlığı, ürək xəstəlikləri və hətta xərçəngə belə səbəb ola bilir.

Ən çox aldadılan mövzu isə nehrə yağıdır. Əsl nehrə yağını kəsdikdə bu hissədə yaranan tər damlaları ilkin təəssürat yaradır. Təmiz yağ yumşalıb yaxşı yayılmalıdır. Yağın insana bir çox faydaları var. Onun tərkibində A, E və D vitamini mövcuddur ki, bu da dəri, saç, dırnaq sağlamlığında mühüm rola malikdir. Xüsusilə də pandemiya dövründə immun sisteminin güclü olması üçün D vitamini çox faydalıdır. Günlük 25-30 qram bədənimizə yağ daxil olmalıdır. Sağlam orqanizm üçün səhər 7-də oyanıb su qəbul etmək də önəmlidir. Bununla orqanizmdə yığılan toksinlər xaric olur. Səhər yeməyi üçün ən ideal vaxt saat 10 hesab olunur. Çünki, artıq mədə qida qəbul etməyə hazırdır. Yeməkdən sonra çay qəbulu qan azlığına səbəb olur. 1-2 saat çay üçün gözləmək lazımdır. Əsasən heyvan mənşəli qidaların tərkibində zülal olur. Karbohidratlar isə paxlalılardan əldə olunur. Şirniyyatlar zərərli karbohidratlar sırasındadır. Piylənmənin başlıca səbəbi yağdan çox şirniyyatlardır. Günorta yeməyi üçün saat 2-3 arası ideal vaxt sayılır. Günün 4-5 aralığında isə bədəndən toksinlər atıldığı üçün daha çox su içilməlidir. Axşam yeməyini yatmamışdan 2-3 saat öncə, əsasən yüngül və tez həzm olunan məhsullarla qəbul etmək olar. “6-dan sonra qidalanmaq olmaz”-deyə bir qanun yoxdur.

Duzlara gəldikdə isə Masazır Duz gölünün duzu yüksək səviyyədədir və xaricə ixrac olunur. Yaxşı duz yodlu olub axıb tökülməməlidir. Həmçinin yod duzun tərkibində 9 aydan çox qala bilmir. Hazırda genetik modifikasiya olunmuş məhsullar da çox yayılıb ki, bu da ilk növbədə xərçəng şişinə və sonsuzluğa səbəb olur. Bunun fəsadları əsasən 30 il sonra özünü göstərir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə fikirlərini bu cür ifadə edib: “Məlumdur ki, zərərli qida problemi bütün dünyada var. Bəzi videoroliklər insanların şüuraltına o qədər mənfi təsir edib ki, zərərli qidaların ziyanlarını dərk edə bilmirlər. Ekoloji təmiz olmayan məhsul pis qida adlanır. Buraya enerji içkiləri, tütün məhsulları, rəngli şirələr və s. misal göstərmək olar. Dünya üzrə dövlətə və hökümətə gəlir lazımdır ki, bu da satışdan qaynaqlanır. Avropada olan qidaların hamısı heç də qüsursuz deyil. Azərbaycanda hətta suların belə üzərində istehsal tarixi var. Həmçinin bizim hökümət biznesmenlər üçün çox əlverişli bazar iqtisadiyyatı şəraiti yaradıb. Lakin, təəssüflər olsun ki, onlar bu jesti düzgün qiymətləndirə bilməyib sui-istifadə edirlər. Amerikada isə bu yoxdur. Ümumdünya səhiyyə təşkilatının qidalarla bağlı standartlar məsləsində də qeyri-səmimilik özünü göstərir.

Biz bilirik ki, qida istehsalında onun tərkibinə arzuolunmaz kimyəvi maddələr qatılır və bunun da norması olmalıdır. Ucuz yağlara marqarin, bitki yağlarının qarışığı, hətta neft belə əlavə olunur. Azad İstehlakçılar Birliyinə gün ərzində yağlarla bağlı bir çox şikayətlər daxil olur. Ekspertizalarımızın nəticəsi olaraq nehrə yağı ilə heç bir əlaqəsi olmayan məhsulun dadını dəyişib bu adla satışa buraxırlar. Bakıda 20-ə qədər saxta “İvanovka” dükanları mövcuddur. Ümumiyyətlə, yağ otaq tempraturunda xarab olur. Çalışmaq lazımdır ki, soyuducuda saxlanılsın. İstehlakçılar açıq mənbələr vasitəsilə yağlar haqqında axtarışlar aparmalıdır. Onlar yağın tərkibinə elə bir kimyasal maddə daxil edirlər ki, hətta gömrükdə qalsa belə xarab olmasın. Xarici məhsulların etiketi cəlbedici, dadı isə yaxşıdır. Lakin, bu kimyəvi dadlardır. Təbii ki, bunları bütün xarici və yerli məhsullara şamil etmək olmaz. Amma nəticə olaraq yerli mallar daha üstün hesab olunur. Bundan əlavə bəzi duzlar vardır ki, zərərli qida məhsullarına daxildir. 2003-cü ildə yod çatışmazlığı xəstəliyi çox yayıldığı üçün “Duzun yodlaşdırılması” haqqında qanun qəbul olundu və hökumət ciddi tədbirlər gördü. Hazırda bir kiloqramı 10 manat 95 qəpik olan duz var. Ölkənin əmtəə bazarında isə 5% qadağan olan yodsuz duz satılır”.

Ayşən Sadıxzadə