Mayonez və ketçup uşaqların sağlamlığına zərər verə bilər – Mütəxəssisdən AÇIQLAMA

0 Shares

Bu gün bir çox qidaların yanında təqdim olunan mayonez və ketçuplar ilk növbədə uşaqlar üçün ən təhlükəli məhsullar hesab olunur. Uşaqların dad reseptorları və həzm sistemi hələ tam formalaşmadığı üçün bu məhsulların sənaye üsulu ilə hazırlanması bir sıra fəsadlara yol aça bilər. Mayonezin tərkibində yumurta sarısı və ya yumurta tozu, sirkə və limon turşusu istifadə edilsə də, bununla yanaşı müxtəlif mənşəli bitki yağları, duz, şəkər, konservantlar, stabilizatorlar və digər kimyəvi qatqılar da yer alır. Bu qatqı maddələrinin həddindən artıq istifadəsi daxili orqanların funksiyalarının pozulmasına səbəb ola bilər.

Bu barədə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a danışıb.

“Ketçupun tərkibində bəzən pomidor püresi və ya onun konsentratı istifadə edilsə də, eyni zamanda həddən artıq miqdarda şəkər, qlükoza və ya fruktoza siropu əlavə olunur. Bununla yanaşı qatlaşdırıcılar, konservantlar və digər əlavələrdən də istifadə edilir. Bu maddələr dad reseptorlarının zəifləməsinə və zamanla itməsinə səbəb ola bilər. Çünki çoxlu qatqı maddəsi olan qidalar digər təbii və neytral dadlara nisbətən daha cəlbedici olur və uşaqlarda asılılıq yaradır. Nəticədə həmin dadı hiss etmək üçün hər yeməkdə tez-tez istifadə edilməyə başlanır”,-qidalanma mütəxəssisi bildirib.

Məhsəti Hüseynovanın sözlərinə görə, xroniki xəstəlikləri olan insanlarda, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərdə və ya bu xəstəliyə meyilli şəxslərdə bu məhsulların həddindən artıq istifadəsi insulin balansının pozulmasına səbəb ola bilər. Eyni zamanda qaraciyərin yağlanması, diş çürümələri, dad vərdişlərinin pozulması, duzun normadan artıq qəbulu nəticəsində təzyiqin yüksəlməsi və böyrəklərin həddindən artıq yüklənməsi kimi problemlər yarana bilər. Müxtəlif növ konservantlar allergik reaksiyalara səbəb ola bildiyi kimi, bağırsaqlardakı faydalı bakteriyaların məhvinə də gətirib çıxarır. Bu isə immun sisteminin zəifləməsi ilə nəticələnə bilər.

“Bu kimi problemlərlə üzləşməmək üçün həm uşaqlarda, həm də xroniki xəstəliyi olan insanlarda yeməklərin mümkün qədər təbii və neytral halda qəbul edilməsi tövsiyə olunur. Əgər dadlandırıcıya ehtiyac varsa, zoğal əzməsi, nar turşusu, qatıq və xama ilə hazırlanmış təbii souslar daha məqsədəuyğundur. Zeytun yağı və limon suyunun qarışığı ilə də həm dadlı, həm də faydalı əlavələr hazırlamaq olar.

Bundan əlavə, noxud və lobya əzmələrindən humus, avokadodan isə püre hazırlamaq mümkündür. Üzərinə bir az zeytun yağı və limon suyu əlavə etməklə olduqca ləzzətli və sağlam alternativlər əldə edilə bilər. Sənaye üsulu ilə hazırlanan mayonez və ketçupların istifadəsi minimuma endirilməlidir. Ayda bir dəfə istifadə edilməsi ciddi zərər verməsə də, tez-tez və davamlı şəkildə qəbul edilməsi sağlamlıq üçün zərərlidir”,-M.Hüseynova əlavə edib.

• Fidan Abbaszadə