Mağazalarda satılan qidaların tarixi: – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Mağazalarda satılan qida məhsullarının təzəliyi ilə bağlı şikayətlər hər zaman aktualdır. Bəzi istehlakçılar bildirir ki, bəzi marketlərdə son istifadə tarixi yaxınlaşan və ya köhnələn məhsullar yenilənən kimi rəflərə düzülür. Xüsusilə süd məhsulları, çörək, ət və qəlyanaltılar kimi tez xarab olan qidalar daha diqqət tələb edir.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, əgər qida məhsullarında son istifadə müddəti dəyişdirilərsə və ya qablaşdırma istehsal prosesindən sonra yenidən qablaşdırılaraq tarix saxtalaşdırılarsa, bu birbaşa istehlakçı hüquqlarının pozulmasıdır:

“Belə hallarda, ya köhnə məhsullar yenidən satışa çıxarılır, ya da məhsulun istifadəyə yararlı olsa da düzgün saxlanılmaması səbəbilə xarab olması halları baş verir. İstehlakçılar bu məqamlarda xüsusilə diqqətli olmalıdırlar.

Çünki əgər xarab olan və ya müddəti keçən məhsullar qəbul edilərsə, bu ciddi sağlamlıq risklərinə gətirib çıxara bilər. Xüsusilə yüksək risk qrupuna aid olan qidalar – heyvan mənşəli, zülallı, süd və süd məhsulları, ət və ət məhsullarıdır. Belə məhsullarda düzgün saxlanma olmadıqda və ya müddəti keçdikdə bakteriyalar sürətlə çoxalır və ciddi zəhərlənmələrə səbəb ola bilər. Digər bir məqam çərəzlərdir. Çox hallarda onların üzərindəki tarix dəyişdirilir və ya market daxilində yenidən qablaşdırılır. Bu zaman müddəti keçmiş və ya artıq kiflənmiş, xarab olmuş məhsullar yeni məhsullarla qarışdırılaraq yenidən paketlənir. Belə məhsulların qəbulu aflatoksinlə zəhərlənməyə səbəb ola bilər ki, bu da qaraciyər və böyrəklərə ciddi ziyan vurur. Əgər məhsul acılıq, yağımsılıq və ya köhnələn dad verirsə, istifadədən qaçmaq lazımdır.

Bəzən qabların zədələnməsi də yenidən qablaşdırma ilə nəticələnir. Bu zaman məhsul fiziki çirklənməyə məruz qala bilər. Toz, həşəratlar və digər xarici təsirlər nəticəsində məhsul zəhərlənmə riski daşıyır. Eyni zamanda, uzun rafa ömrü olan kimyəvi qatqılarla hazırlanan məhsulların müddəti keçsə belə satılması onların tərkibindəki kimyəvi maddələrin allergiya, həzm sisteminin pozulması, metabolizmanın zəifləməsi kimi təsirlərə səbəb ola bilər. Bu isə həm də istehlakçı hüquqlarının pozulması ilə nəticələnir.

Ən yüksək risk qrupunda olanlar azyaşlı uşaqlar, yaşlı şəxslər, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və süd verən analardır. Onlar xüsusilə diqqətli olmalıdırlar, çünki keyfiyyətsiz məhsullar bu qruplar üçün həyati təhlükə yarada bilər. Yaxşı olar ki, məhsul alarkən mənşəyi bəlli olan, qablaşdırması zədələnməmiş və üzərində istehsalçı, istehsal tarixi, son istifadə müddəti, tərkibi və saxlanma şəraiti qeyd olunan məhsullara üstünlük verilsin. Açıq şəkildə satılan məhsullar da satış nöqtəsində tam məlumatla təmin edilməlidir”.

Mövzu ilə bağlı “İnformator.az”a satıcı və müdir müavini Mehriban Əzimova da danışıb. O bildirib ki, bəli, ərzaqlara nəzarət texnikası var:

“Bizdə çeşidlər çoxdur. Elə məhsullar var ki, onlar depoya yerləşdirilir. Yəni onların nəzarət mexanizminə ehtiyacı olmur. Amma elə məhsullar var ki, biz onları depoda soyuducuya qoyuruq. Sonra biz onları iadə kəsirik,imha kəsirik, yararsız vaxtı keçən SKT məhsullarımızı tam yararsız vəziyyətə salaraq geri dönüş edirik. Amma elə məhsullarımız var ki, sırf birbaşa deponun özünə gedir. Onlara toxunulmur. Sadəcə sayı yazılır, hesablanır. Qeyri-qidalardada hətta, SKT-miz olanda da onlara toxunulmur”.

“İnformator.az”a danışan alıcı Əli Tağızadə isə bildirib ki, mağazalarda hər zaman məhsulların son istifadə tarixini yoxlayır:

“Təkcə son istifadə tarixi deyil, həm də məhsulun istehsal tarixinə də baxıram. Çünki bəzi hallarda olur ki, istehsal tarixi ilə son istifadə tarixi arasında uzun müddət fərq olur və buda məhsulun xarab olma ehtimalını daha da artırır. Yoxlamağa səbəblərimdən əsas biri isə bir neçə dəfə yoxlamadığım halda başıma bir neçə hadisənin gəlməsidir. Məsələn, son dəfə məhsulu alarkən vaxtım olmadığı üçün yoxlamadım və nəticədə məhsul xarab çıxdı. Hətta maraqlı fakt olaraq, bir dəfə məhsulun son istifadə tarixinə uzun müddət qaldığı halda məhsulu aldıqdan sonra həmin məhsulun xarab olduğunu gördüm. Bu isə son istifadə tarixlərinə ciddi nəzarətin edilmədiyini göstərir, mənə görə”.

  • Abbaszadə Fidan