Məhsəti Hüseynova – “Yeməkdən dərhal sonra idman etmək sağlamlıq üçün çox zərərlidir”.

Məhsəti Hüseynova
0 Shares

“Ümumiyyətlə, fiziki aktivlik, idman orqanizmin sağlamlığı üçün çox faydalıdır. Ancaq diqqət etmək lazımdır ki, idmanı nə zaman edirik. İdman edərkən nə ac, nə də tox olmalıyıq. Yemək yedikdə orqanizmdə bütün daxili orqanlar çalışmağa başlayır. Xüsusilə də, ürək daha çox çalışır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Four Sports, a lot of balls and stuff

Onun sözlərinə görə, bu səbəbdən də yeməkdən dərhal sonra idman etmək sağlamlıq üçün çox zərərlidir: “Bu, sadəcə, idman üçün deyil, fiziki aktivlik və yaxud ağır qaldırmaq, digər ağır işləri görməyə də aiddir. Mütləq şəkildə yeməkdən sonra ən az yarım saat oturmaq lazımdır. Hələ mümkündürsə, bunu qırx-əlli dəqiqəyə qədər uzatmaq lazımdır. Çünki əks halda qan təzyiqi artar, əzələ və mədədə sancılar yaranar, hətta ürəkbulanma və baş ağrısına belə səbəb ola bilər. Bəzən də olur ki, məclislərdə insanlar həddindən artıq yemək qəbul edir və ardınca da rəqs edirlər. Buna da təbii ki, birmənalı şəkildə diqqət edilməlidir.

Ümumiyyətlə yaxşı olar ki, yemək yedikdən sonra idman edilməsin, ağır iş görülməsin. Xüsusilə də, tox qarına hər hansısa bir idmanla məşğul olmaq insanı daha çox yorur. Yaxşı olar ki, yeməkdən ən az iki saat sonra idman edilsin. Daha ağır yemək yeyildikdə isə, bu müddəti üç saata qədər uzatmaq olar.

Bir çox hallarda insanlar yeməkdən sonra yatmaq istəyirlər. Bu da orqanizmin sağlamlığı üçün zərərlidir. Yeməkdən dərhal sonra yatmaq mədə şirəsinin azalmasına, yeməklərin həzm prosesinin pozulmasına gətirib çıxarır.

Əgər səhər tezdən ac qarına idman ediləcəksə, bu zaman mütləq enerji olaraq su qəbul edilməlidir. Hətta suyun tərkibinə bal, limon və s. əlavə edilərək qəbul olunarsa, bu, daha faydalı olar”.