Məhsəti Hüseynova: “Dondurmanı yeyərkən ağızda acı dad hiss edirsinizsə, bu, onun keyfiyyətsiz olduğunun göstəricisidir”

0 Shares

“Dondurma yayda ən çox istehlak olunan məhsullardan biridir. Xüsusilə, süd məhsulu olduğu üçün daha çox xarab olmağa meyillidir. Eyni zamanda düzgün şəkildə hazırlanmayan və saxlanılmayan dondurmalardan insan orqanizminə bir çox xəstəliklər keçir, mədə-bağırsaq, həzm sisteminin pozulmasına səbəb olur. Müvafiq qurumlar tərəfindən nə qədər monitorinqlər aparılsa da, bunun heç də hər bir nöqtəyə çatacaq qədər olmadığı açıq-aşkar ortadadır. Yay aylarında dondurma alarkən birinci növbədə diqqət etməliyik ki, ən çox risk qrupu daşıyan dondurmalar açıq şəkildə çəki ilə, yaxud günəş altında açıq şəraitdə topla satılan dondurmalardır. Çünki belə dondurmaların hər hansı forması olmur, buna görə də üzərində etiket məlumatları da yoxdur. Belə halda dondurmanın təzə olub-olmadığını, yaxud donu açıldıqdan sonra yenidən dondurulub-dondurulmadığını bilmək mümkün deyil. Bəzən həmin dondurmalarda dadlandırıcılardan, meyvələrdən hazırlanan mürəbbələrdən, cemlərdən, souslardan istifadə olunur. Bunlar daha təhlükəlidir. Əgər birmənalı şəkildə kəsintisiz dondurulursa, qarışıq, açıq şəkildə satılan dondurmanın saxlama müddəti iki-üç günü keçməməlidir. Təbii ki, bəzən insanlar buna diqqət etmirlər, ya da satıcının sözlərinə inanaraq “təzədirmi?” deyə soruşurlar”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadeyib. 

Mütəxəssis bildirib ki, insan gün ərzində bir neçə qida ilə qidalandığı üçün yaranan xoşagəlməz halların məhz hansı qidadan qaynaqlandığını bilmir: “Keyfiyyəti, mənşəyi bəlli olmayan dondurmalar, eyni zamanda bilinməyən yerdən dondurma alınması məsləhət görülmür. Çünki dondurma süd, qaymaq, kərə yağından hazırlanan məhsuldur. Bunlar qiymətli məhsullardır, buna görə də dondurmanın qiyməti də kifayət qədər olmalıdır ki, insan orqanizminə hər hansı zərər verməsin. Lakin bu gün çox ucuz qiymətə də dondurmalar satılır. Həmin dondurmalar süddən, qaymaqdan, kərə yağından deyil, hər hansı dadlandırıcılardan hazırlanır ki, bunlar da sadəcə kimyəvi qatqı maddələrindən ibarət kütlədir. Bu məhsullar insan orqanizmi üçün həm artıq kaloridir, həm də kimyəvi qatı maddələri ilə zəngindir. Nəticədə isə orqanizmdə, xüsusilə, qaraciyərdə və böyrəklərdə toksinlərin yığılmasına, böyrək çatışmazlığına gətirib çıxara bilər”. 

M.Hüseynova paketlənmiş dondurmalara da diqqət çəkib: “Əgər paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqət edəcəyimiz əsas məqam dondurmanın üzərində istehsalçı şirkətin bütün məlumatları, ünvan, əlaqə telefonu, dondurmanın tərkibində olan məhsulların hər birinin tam açıq şəkildə qeyd olunmasıdır. Xüsusilə, qeyd etdiyimiz süd, qaymaq, kərə yağı dondurmanın ən azı 70%-ni təşkil etməlidir. Digər 30%-ni isə köməkçi maddələr təşkil etməlidir. Paketin üzərindəki markalanma tamlığı pozulmamalıdır. Yazılar pozulubsa, yaxud dondurmanın özünəxas quruluşu əriyib, yenidən dondurulubsa, yəni quruluşu pozulubsa, belə dondurmaları almaq tövsiyə olunmur. Dondurmanı yeyərkən ağızda xoşagəlməz acı dad hiss edirsinizsə, bu, onun keyfiyyətsiz olduğunun göstəricisidir. Yayda gün ərzində dondurma istehlakı 150-250 qramı keçməməlidir. Yeməkdən sonra istehlak edilməsi tövsiyə olunmur. Yaxşı olar ki, ara yemək vaxtında istehlak edilsin. Dondurmadan dərhal sonra və ya əvvəl isti çay, isti qidanın qəbulu da dişlərin, damağın zədələnməsinə səbəb ola bilər. Bunlara da diqqət etmək lazımdır”. 

  • Hüseynli Nərgiz