“Gecə saatlarında qida qəbulunun bir çox ziyanları var. İlk öncə onu qeyd etmək lazımdır ki, gecə maddələr mübadiləsinin sürəti zəifləyir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, təbii ki, bu zaman yediyimiz yeməklər də tam şəkildə enerjiyə çevrilmir: “Buna görə də piylənmə daha çox artır. Birinci növbədə buna mütləq diqqət etməliyik. Əsas sadəcə enerjiyə çevrilməməsi prorblemi deyil, həm də yağlar şəklində toplandıqda qara ciyər yağlanmasına və piylənməsinə gətirib çıxarmasıdır. Bu zaman da gecə bütün orqanlar dincəlməli olduğu bir müddətdə, həmin gec saatda qəbul olunan qidanın parçalanması ilə məşğul olan orqanlarda müəyyən problemlər olur. Təbii ki, bu yediyimiz yeməklərdən də asılıdır. Ağır yeməklər, gec həzm edilən yeməklər yeyilibsə, bu təhlükə iki qat artır.
Əsasən gün ərzində düzgün şəkildə və yetərli qidalanmadıqda gecə artıq aclıq hissi daha çox olur. Bu zaman da insanlar düzgün şəkildə qida qəbulu etmədiyi üçün bu yenə də təhlükəli hesab olunur. Yaxşı olar ki, gün ərzində kifayət qədər qida qəbulu olmayıbsa və aclıq hiss edilirsə, bu zaman daha çox tez həzm olunan, yüngül yeməklərdən istifadə edilməlidir. Ümumiyyətlə axşam yatmadan 2 saat öncə artıq yeməyə son verilməlidir. Əgər su miqdarı da yetərli qədər qəbul edilməyibsə, bu zaman da aclıq hiss olunur və doymaq hissi də olmur. Eyni zamanda axşam qəbul olunan qidalar qanda şəkərin səviyyəsini yüksəldir. Bu da gələcəkdə şəkərli diabet xəstəliyinə tutulma riskini də artırır. Axşam qidalarından sonra qəbul olunan meyvələr, çərəzlər, şirniyyatlar isə iki qat təhlükəlidir. Buna görə də yaxşı olar ki, bu kimi yeməklər də günün birinci yarısında qəbul edilsin. Çünki əgər günün birinci yarısında həmin qidalar qəbul olunarsa, onlar günlük enerjiyə çevrilərək gümrah olmağa səbəb olur. Ancaq axşam saatlarında əsasən tərəvəzlərdən olan zeytun yağlı salatlar, tez həzm olan qidaların qəbul edilməsi daha tez həzmə şərait yaradır”.
Səbinə Hüseynli