“Qış aylarında qrip xəstəlikləri sürətlə yayılır. Bu da havanın temperaturunun aşağı düşməsi və düzgün qidalanmamaqdan qaynaqlanır. Qrip virus xəstəliyi olduğu üçün daha tez yayılır və vaxtında müalicə olunmadıqda ağır nəticələri də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.
Onun sözlərinə görə, ilk növbədə virusa yoluxmamaq üçün orqanizmin immun sistemini gücləndirməliyik və bunun üçün də düzgün həyat tərzi yaşamağa, sağlam qidalanmağa fikir verməliyik: “Belə olan halda virusa yoluxma halı da daha az olur və yoluxduqda belə bu prosesi daha rahat şəkildə keçirməyə dəstək olur. Bəzən insanlar kor-koranə şəkildə müəyyən dərmanlardan istifadə edir və hər hansı preparata allergiyası olub-olmadığını bilmədən dərman qəbul edirlər. Bu isə gələcəkdə sağlamlıqda digər problemlərə yol açır. Lakin orqanizm təbii olaraq qidaları qəbul etməyə və onların təkibindəki mineralları daha asan mənimsəyə yönəlib. Buna görə də yaxşı olar ki, əgər ağır və ya qorxulu bir hal yoxdursa, evdə müəyyən vasitələrlə virusdan qurtulmaq mümkündür.
Virusa yoluxduğumuz zaman isti bitki çaylarına üstünlük verməliyik. Bunların içərisində normal bildiymiz çayların içərisinə müəyyən bitkilər əlavə etməklə də istifadə etmək olar. Eyni zamanda, yağlı və qarışıq olmayan şorbalardan da istifadə etmək lazımdır.
Virus immun sistemimizi aşağı saldığı üçün mövsümi meyvə-tərəvəz qəbuluna üstünlük verməliyik. Xüsusilə də, “C” vitamini ilə zəngin meyvələrdən qəbul etmək lazımdır.
İmmun sistemimiz bağırsaqlardan asılı olduğu üçün ev üsulu qatığı gündəlik qida rasionumuza əlavə etməliyik.
Bir çox mineral maddələr var ki, bunlara sink, selen daxildir. Orqanizm bu maddələrdən əskikdirsə, bu zaman da çox tez xəstəliyə yoluxma halları baş verir. Orqanizmimizi bu minerallarla təmin etmək üçün mütləq şəkildə dəniz məhsulları və əti daim qəbul etməliyik. Balqabaq tumu da olduqca faydalıdır. Eyni zamanda, çiy fındıq, qoz, badamdan da istifadə etmək lazımdır. Lakin çiy, qovrulmamış və duzlanmamış şəkildə yeyilməlidir”.