“Fast Fud” (Fast Food) qidalarının orqanizmə zərərlərinin hər yaşda fərqli təsiri olur. Ən zərərli yaş dövrü 25 yaşa qədər olan orqanizmadır ki, bu yaşa qədər insan bədəni inkişaf prosesində olur və həyat funksiyalarını yerinə yetirməsi üçün 40-dan 70-ə qədər makro və mikro elementlər alır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova bildirib.
Onun sözlərinə görə, bu elementləri də biz sağlam qidalar nəticəsində alırıq. “Bəzən gənclər vaxt çatışmamazlığından səhər yeməyindən imtina edərək, birbaşa günün orta saatlarında səhər yeməyi ilə nahar yeməyini bir araya qataraq, həmin “fast fud”larla qidalanırlar. Bununla da, biz orqanizmimizə çox böyük zərbə vurmuş oluruq. Ayaqüstü qidaların zərərlərini saymaqla bitməz. Amma əsas zərərlərdən biri də mədə-bağırsaq və həzm sistemində pozulmalar yaranır. Çünki həmin qidaların mənşəyi, təmizliyi, hansı vəziyyətdə bişirilməsi haqqında dəqiq məlumat yoxdur. Əksər hallarda əti alovla yaxın bir təmas bişirmək adı altında yandırırlar, bu da xərçəng xəstəliyinin inkişafına səbəb olur.
Dönərlərdə zəhərlənmə hadisələri tez-tez baş verir. Bunun da səbəbi dönərlərin içərisinə vurulan moyonez və ketçupun köhnə olub bir-birilə reaksiyaya girməsi nəticəsindədir. “Fast fud”ların digər zərərli bir cəhəti də ondadır ki, həmin qidalardan istifadə edərkən tez bir şəkildə qidalanırlar. Lakin yeməyi ən azından 10-15 dəqiqə ərzində çeynəmək lazımdır ki, doyma siqnalı beyinə getsin və orqanizm həmin qidadan faydalansın.
Son dövrlərdə insanlarda hormonal pozuntular, sonsuzluq xüsusilə erkən yaşına çatmış oğlan uşaqlarında süd vəzlərinin böyüməsi, şəkər, ürək-damar xəstəlikləri və s. kimi problemlər meydana gəlmişdir. Bunun da əsas səbəbi kimi şişirdilmiş broyler toyuqlarına vurulan antibiotiklər və kimyəvi dərmanları göstərmək olar. Ümumilikdə yaxşı olar ki, “Fast Fud” qidalarından imtina olsun, insanlar sağlam və lifli qidalara üstünlük versinlər. Əgər vaxt yoxdursa ayaq üstü cərəzlərdən, meyvə qurularından isdifadə etsinlər”.
Banuçiçək Hüseynli