0 Shares

Yas mərasimində verilən məhsulların, qidaların hamısı bazardan, dükandan alınıb.

Bunları Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib.

O qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: 

“Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu”.

“Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdi. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər”, – M.Cəfərov deyib.

Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 100 nəfəri ötüb. 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Maraqlıdır, zəhərlənmələrin kökündə hansı səbəblər dayanır?

Məsələ ilə bağlı sağlam qidalanma eksperti Məhsəti Hüseynova “Cebheinfo.az”-a açıqlamasında deyib ki, tərkibində züllar çox olan qidalar yüksək riskli qidalar qrupuna daxildir:

“Bu qidalar əsasən ət və süd məhsullarıdır. Xüsusilə də mənşəyi bəlli olmayan yerdən alınırsa, bu zaman təhlükə artır. Çünki süd və ət məhsulları daha tez xarab olmağa meyillidir. Xüsusilə də yay aylarında əgər məhsul keyfiyyətlidirsə, mənşəyi bəlli olubsa, amma düzgün şəkildə saxlanılmırsa, bu zaman orqanizmə zərər verə bilər”. 

O bildirib ki, qida zəhərlənmələrinin əksəriyyəti məişət zəminində baş verən zəhərlənmələrdir: 

“Yay mövsümünü nəzərə alıb insanlar bişirilən qidaları bəzən iki saata qədər otaq temperaturunda saxlamağı düşünürlərsə, bu zaman problem yaranır. Çünki 20 dərəcədən artıq temperaturda qidaların tərkibində zərərli bakteriyalar yaranmasına zəmin yaranır. Bakteriyaların çoxalması sürətlə gedir. Bu da insan orqanizmi üçün olduqca zərərlidir”. 

Ekspert vurğulayıb ki, istehlak ediləcəyi qədər qidalar bişirilməlidir: 

“Bir çox qidalar var ki, xüsusi ilə yay aylarında tez xarab olur. Bu səbəbdən o qidaları qəbul ediləcəyi qədər bişirmək lazımdır. Əgər sabaha saxlamaq istəyirsinizsə, o zaman dərhal onu soyuducuya yerləşdirmək lazımdır. Bildirim ki, donmuş əti açıldıqdan sonra ikinci dəfə dondurmaq olmaz. Donu açıldıqdan sonra bişirmək lazımdır”.

O qeyd edib ki, bəzən qidalarda hər hansı kiflənmə olmasa, dadında və yaxud rəngində dəyişiklik hiss olunmasa da, bu, o demək deyil ki, o qida tam sağlamdır:

“Əgər bir qidanı düzgün saxlamayıblarsa, artıq tərkibində dəyişiklik baş verir. Xüsusilə də yumurtalı məhsulları bu siyahıya qeyd etmək olar. 

Şirniyyatlar, kremlə hazırlanan məhsullar təhlükəli qidalardır. Onların saxlama müddəti qısa olduğuna görə o məhsulları qəbul etmək tövsiyə olunmur”.

M.Hüseynova əlavə edib ki, qidaları polietilen qablar əvəzinə şüşə qablarda saxlamaq lazımdır.

  • Hüseynli Nərgiz