“Bir çox xalqların mətbəxində çəkilmiş ətdən fərqli şəkildə istifadə edərək qidalar hazırlanır”.
Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, çəkilmiş ətdən ən çox hazırlanan qidalar isə kotlet və köftədir:
“Bu kimi qidalar istehlak olunacaq qədər bişirilməli və təzə halda yeyilməlidir. Bəzən də onların tərkibinə çörək qatılır. Lakin təzə çörəyin qatılması hər hansısa fərqli və ya bir mənfi təsir göstərmir”.
Ekspert xüsusilə kotletə çörək qatılmasından danışıb:
“Təəssüflər olsun ki, bir çox hallarda kotletə boyat çörək əlavə olunur. Ümumiyyətlə, ona çörək əlavə edərkən saxlanılma müddətinin keçmədiyinə diqqət etmək lazımdır. Bir çox hallarda boyat və qurudulmuş çörəyi də kotletə qatırlar. Hətta bəzən bir hissəsi kiflənmiş çörəkdən belə istifadə olunur. Yəni kiflənmiş hissəsini kəsərək çörəyin digər yerlərindən istifadə edirlər. Amma bu, çox təhlükəli ola bilər.
Çünki kif bakteriyaları bir hissədə varsa, çörəyin hər tərəfinə yayılır. Ona görə də həmin çörəyin istifadə olunmaması tövsiyə olunur. Əks halda, bu kimi qidaları qəbul edən insanlarda uzun müddət sonra qaraciyərin funksiyasının pozulması və orqanizmdə bir çox sağlamlıq problemləri yarana bilər”.
Mütəxəssis vurğulayıb ki, istifadə müddəti keçən çörəyi kotletdə istifadə etmək olmaz:
“Nəzərə almaq lazımdır ki, hazırda sənaye üsulu hazırlanan çörəklərin acıdılması və rəf ömrünün uzun olmasına görə kimyəvi qatqı maddələrindən istifadə olunur. Onlar isə müddəti keçəndə insan orqanizmində təhlükəli nəticələrə gətirib çıxara bilər”.
Lakin Məhsəti Hüseynovanın sözlərinə görə, təzə çörəyi az miqdarda kotletə qatmaq olar:
“Kotletdə təzə çörəkdən az miqdarda istifadə olunması zərərli deyil. Bunun üçün keyfiyyətli və təzə çörəkdən istifadə olunmalıdır. Kotlet ət məhsulu olduğu üçün onun tərkibində ət çoxluq təşkil etməlidir. Lakin onun tərkibinin 20-30 faizində əlavə dadlandırıcılardan və digər inqridiyentlərdən istifadə oluna bilər.
Həmçinin, bəzi bölgələrdə həm kotletə göyərti və ya fərqli tərəvəzlər, həm də kartof-soğan qatırlar. Bu da bir növ un və ya nişasta kimi yapışdırıcı funksiyasını yerinə yetirir. Eyni zamanda, fərqli dad və yumşaqlığı təmin edir”.
~ Abbaszadə Fidan