Son dövrlərdə sürətli həyat tərzi və məşğuliyyətlər insanların qida seçimlərinə böyük təsir göstərib. Bu tendensiya nəticəsində hazır və konservləşdirilmiş qidalara olan tələbat artıb. İnsanlar, vaxt itkisini azaltmaq və daha rahat qidalanmaq üçün bu məhsullara üstünlük verməyə başlayıblar. Lakin, bu cür qidaların tərkibi və istifadəsi sağlamlıq baxımından bir sıra problemlərə səbəb ola bilər.
Mövzu ilə əlaqədar olaraq, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Operativ Media-ya danışıb.
O, bildirib ki, konservləşdirilmiş qidaları istifadə etməzdən əvvəl, mütləq şəkildə son istifadə müddətinin keçmədiyinə, mənşəyinin bəlli olmasına, sanitar-gigiyena qaydalarına uyğun şəkildə hazırlanmasına və keyfiyyətli qida məhsullarından istifadə edilməsinə diqqət yetirilməlidir:
“Əgər bu qaydalara əməl olunarsa, həmin məhsullardan istifadə etmək olar. Məhsulu istifadə etməzdən əvvəl qablaşmanın vəziyyətinə də nəzər salmaq lazımdır. Əgər qapaqda şişkinlik varsa, bu, artıq məhsulun yararsız olduğunu və qaz əmələ gətirdiyini göstərir. Başqa sözlə desək, qablaşmada zədə, çat və ya paslanma varsa, bu məhsuldan mütləq şəkildə uzaq durmaq lazımdır. Eyni zamanda, istehsal tarixinə və son istifadə müddətinə də diqqət yetirmək vacibdir. Saqlama şəraiti və tərkibinə də nəzər salınmalıdır. Yayda yüksək temperaturda bakteriyalar daha sürətlə artır, buna görə də açılmış konservləri tez bir zamanda istifadə etmək lazımdır. Soyuducuda saxlama şəraitinə diqqət olunmalıdır. Əks halda, zəhərlənmə riski yaranır. Evdə hazırlanmış konservlər arasında ən təhlükəlisi balıq, ət və digər məhsullardır. Buna görə də, qida məhsullarını alarkən, etibarlı mənbələrdən almağa diqqət etmək lazımdır. Həmçinin, mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək daha faydalıdır.”
- Abbaszadə Fidan