Kolbasanın bilinməyən zərərləri nələrdir? – AÇIQLAMA

Kolbasa
0 Shares

“Kolbasa ilk yarandığı vaxtlarda delikates məhsul kimi istifadə olunurdu”.

Bunu HİT.az-a açıqlama verən sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

O qeyd edib ki, həmin məhsulun təxminən 80 faizi ətdən hazırlanırdı:

“Həmin kolbasalar ev şəraitində hazırlanırdısa, soyuducuda 3 gün, buzxanada isə 3 aya qədər saxlamaq olardı. Onun uzun müddət xarab olmadan qalması üçün dadlandırıcı kimi ədviyyatlardan istifadə olunurdu. Belə olan halda, həmin məhsul delikates kimi istifadə olunsa da, az miqdarda qəbul olunurdu. Yəni gündəlik qida və ya doyumlu qida kimi istifadə olunmurdu. Lakin hal-hazırda satışda olan kolbasaların əksəriyyəti keyfiyyətsiz məhsullardır. Həm qiymətinə və keyfiyyətinə baxdıqda, həm də Qida Təhlükəsizliyi Hərəkatı olaraq bizə gələn şikayətləri gördükdə aydın olur ki, həmin kolbasaların keyfiyyəti çox aşağıdır. Demək olar ki, onların tərkibində ətdən çox az istifadə olunub. Əksər hallarda həmin kolbasaların hazırlanmasında sadəcə ət deyil, heyvanın kolbasa üçün yararlı olmayan digər hissələrindən də istifadə olunur”.

Ekspert əlavə edib ki, bəzi kolbasalara heyvanın qığırdaqları və tullantı kimi istifadə olunan iç orqanları qatılır:

“Hətta sənaye məhsulu kimi istifadə olunduqda bir çox hallarda həmin tullantıları təmizlənməmiş, olduğu kimi üyüdülmüş şəkildə istifadə edirlər. Bununla yanaşı, xaricdən gələn kolbasalarda Azərbaycan üçün ənənəvi olan istehlaka yararsız heyvan ətlərinin qalıqlarından və yaxud da bir çox hallarda xəstə heyvanlardan istifadə olunur. Həddindən artıq yararsız ət və məhsuldan istifadə olunduğu üçün tərkibinə “Çin duzu” kimi bildiyimiz sintetik mənşəli monosodyum-qlitamat da vururlar. Bu, məhsulu ağızda daha dadlı edir və uzun müddət xarab olmasının qarşısını alır. Həmin məhsulu qəbul etdikdə insanda monosodyum-qlitamat vasitəsilə asılılıq yaranır. Buna görə də insanlar davamlı olaraq həmin məhsulu istifadə etmək istəyirlər”.

Mütəxəssis kolbasa qiymətlərinin ət qiymətlərindən ucuz olması məsələsinə də toxunub:

“Nəzərə alsaq ki, 1 kiloqram ətin minimum qiyməti təxminən 14 manatdan başlayırsa, 400 qram kolbasa ən azı 5-6 manata olmalıdır. Amma bu gün 1 kiloqramdan artıq olan kolbasalar 2-3 manata satılır. Düzdür, bəzən inkişaf etmiş ölkələrdə istifadə müddətinə az qalmış məhsulların qiymətinə endirim edirlər. Bu, normal haldır. Lakin keyfiyyətsiz məhsulların endirimdə olması daha çox alıcıları və istehlakçıları cəlb etmək üçün istifadə olunan hiylələrdir. Bunlara da aldanmaq olmaz”.

Məhsəti Hüseynova kolbasadan çox istifadə etməməyi tövsiyə edib:

“Kolbasa işlənmiş ət məhsulu olduğu üçün mütəmadi olaraq istifadə edən insanlarda immun sistemi aşağı düşür və bağırsaqların hərəkətliliyi azalır. İmmun sistemi aşağı düşdüyü üçün də müəyyən xəstəliklərə və viruslara yoluxmaq riskləri daha yüksək olur. Yaxşı olar ki, kolbasadan gündəlik istifadə olunmasın.

Xüsusilə 25 yaşa qədər olan insanlarda inkişaf prosesi olduğuna görə həmin məhsullardan az istifadə olunması tövsiyə olunur. Həssas qrupdan olan uşaqlara, yaşlılara və xroniki xəstəliyi olan insanlara da bu qidadan istifadə etmək ümumiyyətlə tövsiyə olunmur”.