Ketrinq şirkəti seçərkən nələri bilməliyik? – EKSPERT Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

Dadlı menyu ilə yanaşı, təhlükəsiz və etibarlı xidmətə diqqət etmək vacibdir

Sağlamlığı qorumağın əsas şərtlərindən biri təhlükəsiz və keyfiyyətli qida istehlakıdır. Qida təhlükəsizliyi məsələsi cəmiyyətin sağlamlığı ilə birbaşa bağlı olan ən mühüm sahələrdən biridir və bu anlayış məhsulun yetişdirilməsindən, daşınmasından və saxlanılmasından tutmuş, süfrəyə təqdim olunmasına qədər bütün mərhələləri əhatə edir. Qidaların gigiyenik tələblərə uyğun hazırlanmadığı, saxlanma şəraiti pozulduğu və ya mənşəyi məlum olmadığı halda insan orqanizminə ciddi zərər vurmaq riski yaranır. Məhz bu səbəblərdən qida təhlükəsizliyi təkcə dövlət qurumlarının deyil, istehlakçıların da diqqət mərkəzində olmalıdır.

Son illər marketlər və restoranlarla yanaşı, ketrinq xidmətləri də qida təminatında mühüm rola malik olub. Korporativ tədbirlər, seminarlar, toylar və açıq hava mərasimlərində qida təminatını həyata keçirən bu şirkətlərin fəaliyyəti bir çox hallarda insanların sağlamlığı ilə birbaşa əlaqəlidir. Görünən odur ki, bazarda artan rəqabət və tələbat fonunda bir çox ketrinq şirkətləri gigiyenik standartlara tam əməl etmir, bu isə qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır.

Ketrinq bazarında sürətli artım

Son illər ölkəmizdə ketrinq bazarı sürətlə böyüyür. Xüsusilə yay və payız aylarında toy mərasimləri, təşkilati tədbirlərdə ketrinq xidmətlərinə müraciət olunur. Ketrinq şirkətlərinin təklif etdiyi müxtəlif menyular və xidmət paketlərinin çoxluğu keyfiyyətin zəmanəti demək deyil. Bu cür tədbirlərdə ketrinq xidmətlərinə müraciət etməyin istehlakçılar üçün bir çox üstünlükləri olsa da, qida təhlükəsizliyi tələblərinin qarşılanmadığı təqdirdə kütləvi zəhərlənmə halları ilə qarşılaşmaq mümkündür.

14 ketrinq xidməti müəssisəsində yoxlama…

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkə ərazisində fəaliyyət göstərən 14 ketrinq xidməti müəssisəsində yoxlanış aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, yoxlamalar zamanı qida təhlükəsizliyi tələblərinə uyğun olmayan çoxsaylı faktlar aşkarlanıb;

– müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi;

– mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş   olmaması;

– texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

– xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması;

– xammalların müşayiətedici sənədlərinin olmaması;

– yararlılıq müddəti bitmiş məhsulların mövcud olması;

– məhsulların saxlanma qaydalarına əməl edilməməsi;

– dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması;

– işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi.

Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Eyni zamanda, nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

İstehlakçılar bilməlidirlər…

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın mövzu ilə bağlı “İki sahil”ə açıqlamasına əsasən ketrinq xidmətlərinə müraciət etməzdən əvvəl şirkətin rəsmi qeydiyyatı və aidiyyəti qurum tərəfindən sertifikatının, fəaliyyət lisenziyasının olmasına əmin olmaq lazımdır. Hətta istehlakçılar bu sənədlərin nüsxəsini tələb etmək hüququna da malikdirlər: “Eyni zamanda qidaların hansı şəraitdə hazırlandığı bilmək, gigiyenik standartlara cavab verməsinə əmin olmaq və mətbəx şəraitinin şəffaf şəkildə təqdim edilməsi üçün yerində baxış keçirmək lazımdır. İşçi heyətinin tibbi arayışı və  sanitariya təliminin olması da etibarlılıqda mühüm rol oynayır.

Bununla yanaşı, ketrinq şirkətləri göndərilən qidalardan özlərində nümunə saxlamalıdırlar ki, hər hansısa xoşagəlməz hal baş verdikdə həmin qida nümunələri analiz edilsin və problemin mənbəyi aşkarlansın. Eyni zamanda, qidaların qablaşmasında hazırlanma, son istifadə tarixi, saxlanma və daşınma şəraiti mütləq qeyd olunmalıdır. Qidalar daşınma zamanı temperatur dəyişikliyinə məruz qalarsa, bu, qidanın xarab olmasına gətirib çıxara bilər. Bu səbəbdən də qida daşınması xüsusi soyuducu və termo sistemlərlə həyata keçirilməlidir. Süd və süd məhsulları, ət və ət məhsulları daha riskli məhsullardır və bu kimi qidalar soyuq qida zəncirində daşınmalıdır.”

Həmsöhbətimiz qeyd etdi ki, istehlakçılar etiket məlumatlarının, tərkibinin ətraflı qeyd olunub-olunmadığına diqqət yetirməlidirlər. Bununla yanaşı, Məhsəti Hüseynova xəbərdarlıq etdi ki, müraciət olunan ketrinq şirkətinin hər hansı bir dövlət qurumu tərəfindən nəzarətdən keçməyən sexlər, yeməkxanalarda hazırlanan qidaları hər zaman yüksək risk qrupuna daxil olan məhsullardır və alınması tövsiyə olunmur: “Xüsusilə bağçalara, məktəblərə, kafe və restoranlara sifariş zamanı keyfiyyət sertifikatlarının tam olması ilə bərabər, daşınma və saxlanma şəraitinə diqqət edilməsi mütləqdir.”

Məhsəti Hüseynovanın fikrincə, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də bu kimi xidmətlərin elektron sistem vasitəsi ilə izlənə bilməsi və şəffaflığın artırılması üçün bir sıra addımların atılması xoşagəlməz halların qarşısını almaq üçün vacibdir.

Nəticə etibarilə qida təhlükəsizliyi hər bir istehlakçının həyat keyfiyyətini birbaşa müəyyən edən amildir. Unutmayaq ki, tədbirlər üçün seçilən ketrinq şirkətləri dadlı menyu ilə yanaşı, təhlükəsiz və etibarlı xidmət təqdim etməlidir.

  • Abbaszadə Fidan