Kabab tüstüsündə boğulan şəhər – ARAŞDIRMA

kabab
0 Shares

Havanın çirklənməsi əhalinin artması, şəhərlərin böyüməsi və sənayenin inkişafı ilə artan sürətlə davam edir. Nəqliyyat vasitələrinin artması şəhər mərkəzlərində havanın keyfiyyətinin pisləşməsinə səbəb olur.

Məlumdur ki, atmosferi çirkləndirən maddələrin ətraf mühitə və insan sağlamlığına təsiri zamandan, məkandan, təsir müddətindən, konsentrasiyadan və digər xüsusiyyətlərdən asılıdır. Havanın çirklənməsi ürək və ağciyər xəstəliklərindən ölüm nisbətini artırarkən, bu xəstəliklərə görə xəstəxanalara müraciətləri də artırır.

Həmçinin, havanın çirklənməsi xüsusilə uşaqların ağciyər inkişafına mənfi təsir göstərir və çirklənmənin intensiv olduğu ərazilərdə astma və xroniki obstruktiv ağciyər xəstəliyi kimi xroniki tənəffüs yolu xəstəliklərinin yayılmasını artırır.

Hava çirkləndirici maddələr:

Karbon monoksit (CO),

Azot dioksidi (NO2),

Kükürd dioksidi (SO2),

Ozon (O3),

Partikül maddələr (PM),

Qurğuşun (Pb)

Soba və qızdırıcılarda yanacaq kimi odun, kömür, mazut və təbii qazdan istifadə olunur. Bu yanacaqlar soba və qızdırıcılarda yandırıldıqda, bacalardan atılan dəm qazı (CO), kükürd qazı (SO2), azot oksidləri (NOx) və hissəciklər havanı çirkləndirir.

Qeyd edək ki, dünyanın ən çirkli havası olan ölkələri də açıqlanıb. Dünyanın 117 ölkəsi və 6 min 475 şəhərinin hava çirkliliyi dəyərləri təhlil edilir. Türkiyənin iki şəhəri Avropanın ən çirkli havası olan beş şəhəri sırasındadır. Dünyanın ən çirkli havası olan şəhərləri sizə təqdim edirik.

Havası ən çox çirkli olan ölkələr:

Banqladeş

Çad

Pakistan

Tacikistan

Hindistan

Oman

Qırğızıstan

Bəhreyn

2016- ci ildə Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində ətraf mühitin çirklənməsi ilə bağlı yeni hesabat yayımlayıb. Hesabatda dünya əhalisinin 92%-nin havanın çirkləndiyi bölgələrdə yaşadığını müəyyən edib. Ələt qəsəbəsi, Neftçala və Ağcabədi rayonları yerləşən bölgələrdə havanın çox çirkləndiyi və 1 kub metr havada 26-35 mikroqram zərərli maddənin olduğu məlum olub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağ, Qazax-Ağstafa-Goranboy, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın ən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlarıdır.

Bildiyimiz kimi, son zamanlar demək olar ki, bütün yaşayış binalarının arxası, önü və kənarı kababxanalarla doludur. Bəs, bu obyektlərdən çıxan tüstülər ekologiyamıza, insan sağlamlığına və havaya necə təsir edir? SİA məsələ ilə bağlı araşdırma apararaq ekoloq və qida mütəxəssislərinin fikirlərini öyrənib.

Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev: “Əlbəttə, istənilən tüstü atmosferi çirkləndirir. Biz tüstü ilə deyil, oksigenlə nəfəs alan canlılarıq. Yalnız insanlar deyil, əksər canlılar və bitkilər karbon qazı ilə tənəffüs etsələr də, havanın çirkli olması onlar üçün də xoş deyil. Həmçinin, bu onların sağlamlığı üçün də uyğun deyil.

Biz ilk növbədə insanları düşünməliyik. Çünki insanların tənəffüsü birbaşa oksigenlə əlaqəlidir və istənilən bir tüstü atmosferi çirkləndirərək onların nəfəs almasını çətinləşdirir. Bu, hələ sağlam insanlara aiddir.

Kabab tüstüsünün bu cür tənəffüsə və atmosfer çirklənməsinə zərəri var. Lakin bu zərər olmasa belə, bu, etik bir davranış deyil. İnsanların sıx yaşadığı yerlərdə isə heç düzgün deyil. Çünki bu tüstü heç də hamıya xoş deyil. Ət manyakları var və onlar ətsiz yaşayışı təsəvvür edə bilmirlər. Bu, o insanlar üçün ən ləziz yeməkdir. Lakin elə insanlar var ki, ətə qida gözündə baxmır. Ölkəmizdə minlərlə vegeterian insan var. Kabab tüstüsü onlar üçün nəinki xoş deyil, həm də iyrənc bir qoxudur. Bu amillər düşünməyən adamı insan adlandıra bilmərəm. Bu, çox böyük bir mədəniyyətsizlikdir. İnsanlar bilməlidir ki, bu, o qədər də yaxşı bir iş deyil”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “İctimai iaşə müəssisələrində havaya atılan tüstülər (kababların və yaxud zavodların tüstüsü olsun) ekoloji cəhətdən qəbul olunmazdır. Həmçinin, indi müasir texnologiyalara görə sobalar var.

Havalandırma sistemləri müasir texnologiyalara cavab verməlidir və bu, birmənalı olaraq, hətta dövlət tərəfindən də verilən bir qərardır ki, bütün ictimai iaşə müəssisələrində havalandırma sistemi tüstünü dumana çevirib yəni, boğucu olmalıdır, tüstünü boğmalıdır, dumana çevirib sonra havaya buraxmalıdır. Yəni tüstünü birbaşa havaya buraxmaq olmaz. Bu, həm də ekoloji tərəfdən yolverilməzdir. Çünki ekologiyanın korlanması və havaya zəhərli qazların atılması deməkdir ki, bunu da biz yağan yağışlarda hiss edirik. Yəni, təkcə burada manqalların havaya atdığı tüstülərdən söhbət getmir. Burada zavodlar, fabriklər var ki, havaya tüstü buraxırlar.

Amma təəssüf ki, bəzən arxa küçələrdə, gözdən yayınan yerlərdə, ən çox da Yasamal ərazisində bu hallara rast gəlinir. Küçədə, açıq havada manqalların qoyulması, yəni, kimin harda gəldi kabab çəkməsi düzgün bir şey deyil. Mən bunu meşə yanğını ilə bərabər tuturam. Meşə yananda da havaya zəhərli qazlar atılır, manqalda da.

Ən yaxşı halda həmin müəssisələr havalandırma sistemi ilə təmin olunmalı və həmin manqallarda kababları bişirməlidir. Bu dövvlətin qanuna da ziddir. Piknikdə 1-2 dəfə bunu etmək böyük problem deyil. Amma bu halların sıx-sıx təkrarlanması birbaşa ekologiyaya zərbədir”.

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev: “İnsan sağlamlığını formalaşdıran əsas amillərdən biri də ekoloji faktordur. Lakin bu gün şəhərin elə bir yeri yoxdur ki, orada tüstüsü ərşə qalxan kafe-restoran olmasın. Nəinki kafe-restoran, hətta şadlıq saraylarının da üzərini tüstü buludları alır. Bu, həm ekoloji cəhətdən, həm də əhalinin sağlamlığı baxımından ciddi təhlükə yaradır.

Nəzərə alsaq ki, yay fəsili gəlir, bir tərəfdən kabab tüstüsü, digər tərəfdən isti hava insanlarda ciddi diskonfort yaradacaq. Həmçinin, bu tüstü vasitəsilə havaya kanserogen zərərli qaz birləşmələrinin də buraxılması sağlamlıq və ekoloji problemlərinə gətirib çıxara bilər. Bu məsələ ilə bağlı aidiyyatı üzrə qurumlar reydlər, monitorinqlər keçirməli və havaya zərərli tullantıların atılmasının qarşısını almalıdırlar. Tüstü bacalarına müvafiq təmziləyici qurğu və filtrlərin yerləşdirilməsinə ciddi nəzarət olunmalıdır. Həmiçinin, bu işdə vətəndaş cəmiyyəti institutları da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə maarifləndirici reydlərdə iştirak etməlidir.

Ayşən Vəli