“Oruc tutan insanlar gün ərzində yatmaqdan və passivlikdən uzaq durmağa çalışmalıdırlar”.
Bunu Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Müsahibimiz Ramazan ayı boyunca oruc tutan şəxslərin nələrə diqqət etməli, nələrdən qaçmalı və hansı önəmli məsələlərə diqqət yetirməli olduğunu sadalayıb:
“Xroniki xəstəlikləri olan, davamlı olaraq hər hansı dərman vasitələri ilə müalicə almağa məcbur olan, hamilə və süd verən qadınlar oruc tutmamalıdır. O cümlədən səfərdə olan insanlar oruc tutmaya bilərlər, yetkinlik yaşında gənclər də oruc tutmaqdan azad ola bilərlər. Belə məqamlarda fərdi yanaşmaq daha əsasdır”.
Qida mütəxəssisi qeyd edib ki, sahur zamanı xüsusən duzsuz qidalardan istifadə olunması mütləqdir:
“Diqqət edəcəyimiz əsas məqamlar sahurda da, iftarda da balanslı və doğru qidaları seçməkdir. Sahur zamanı yaxşı olar ki, gün ərzində insanları daha çox tox saxlaya bilən qidaları qəbul etsinlər. Sahur zamanı heyvan mənşəli qidaları, yumurta, süd və süd məhsulları tövsiyə olunur ki, bu da susuzluqdan əziyyət çəkməməyə kömək edir. Yaxşı olar ki, tam buğda unundan hazırlanmış çörək, yulaf və digər paxlalardan olan qidalardan istifadə etsinlər. Həmin qidalar yavaş həzm olunur və uzun müddət mədəni tox saxlayır. Bir ovucu keçməmək şərtilə çərəzlərdən istifadə olunması mütləqdir.
Eyni zamanda, sahurda çayla yanaşı, su çox içilməlidir. Bəzən çox maye qəbulu etməyənlər gün ərzində baş ağrısından və orqanizmin maye çatışmazlığından, enerjinin aşağı olmasından şikayət edir. Yaxşı olar ki, maye qəbul edərkən şirin, qazlı mayeləri qəbul etməsinlər”.
M. Hüseynova iftar zamanı diqqət edilməli olam xüsusları da sadalayıb:
“İftar zamanı su ilə açdıqdan sonra bir müddət ara verib meyvə şirəsi və ya tez həzm olan şorbalardan istifadə etsinlər. Bu, uzun müddət ac qalmış orqanizmdə mədə şirəsinin doğru şəkildə ifraz olunmasına və həzm prosesinin ağırlaşmamasına gətirib çıxardacaq. Eyni zamanda, qida qəbul edərkən çox qızardılmamış, çox yağlı olmayan, kalorili isti yeməkləri qəbul etsələr, daha faydalı olar. Təxminən 40 dəqiqə ara verdikdən sonra digər qidaları qəbul etməlidir. Çay və şirniyyatı yeməkdən ən az 40-45 dəqiqə sonra qəbul edə bilərlər. Ən əsası mütləq şəkildə səhər yeməyi zamanı yerli tərəvəzlərdən istifadə etmək lazımdır ki, vitamin balansı təmin edilməsi ilə yanaşı, tərəvəz kimi lifli qidalar bağırsaqların funksiyalarının normal işləməsinə gətirib çıxaracaq. Uzun müddət qida qəbul etməyən insanlar xüsusilə orucluq zamanı qəbzlikdən əziyyət çəkirlər ki, lazimi miqdarda tərəvəzlərin qəbulu bu problemi aradan qaldırır. Gün ərzində daha rahat olması üçün insanların diqqət edəcəyi şey şəkərli, duzlu qidalardan uzaq durmalarıdır. Bunlar da susuzluqdan əziyyət çəkməməyə, eyni zamanda, uzun müddətli aclıq saatlarını daha səmərəli keçirməyə səbəb olacaq”.
Qida mütəxəssisi son olaraq insanlara gün ərzində fiziki aktiv həyat tərzi keçirməyə çağırıb:
“Fiziki aktivlik mütləq lazımdır. Bəzən insanlar orucluğunu yataraq keçirir ki, bu da orqanizmin tənbəlləşməsinə, daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır ki, buna yol verməməlidirlər. Bir çox hallarda insanlar iftardan sonra sahura qədərki arada yuxusuz qalırlar ki, bu onların sağlamlığına problem yarada bilər. Yaxşı olar ki, iftardan sonra müəyyən qədər yatıb yuxusunu alsınlar və sahura qədər yuxu rejimini pozmasınlar. İlk günlərdə hər hansı sağlamlıq problemi və ya ağrılar hiss edə bilərlər ki, bu da qidaları doğru seçilibsə, orqanizmin öyrəşməsi üçün normaldır”.
- Fidan Abbaszadə





