İdman etməyin faydaları

idman
idman
0 Shares

Mütəmadi idmanın gücü təsirli olur: əzələləri möhkəmləndirir, xroniki xəstəliklərin qarşısını alır və bədən quruluşunu yaxşılaşdırır. SİA xəbər verir ki, fiziki aktivliyin diqqətəlayiq daha bir faydası da var. Mütəxəssislərin sözlərinə görə, hətta orta miqdarda məşqlər sizi cavanlaşdırır. Əlbəttə ki, yaşınızı dəyişdirə bilməyəcəksiniz, ancaq özünüzü həm sağlam hiss edəcək, həm də cavan görünəcəksiniz.

Dəri vəziyyətini yaxşılaşdırır

Ontariodakı MakMaster Universitetinin tədqiqatçıları 20-84 yaş arasındakı kiçik bir qrup üzərində idmanın təsirləri barədə araşdırma aparıb. Məlum olub ki, tez-tez idman edən 40 yaşdan yuxarı insanların dərisi 20-30 yaşdakı qədər yumşaq və elastik olur. Tədqiqatçılar idmanın bədəndə dərinin qocalma prosesini ləngidən maddələr yaratdığını söyləyiblər. Alimlər hesab edir ki, idmanın dəri tərkibini necə dəyişdirdiyini öyrənmək üçün daha çox araşdırma aparmaq lazımdır.

Enerji axını

İdman təbii enerji içkisinə bənzəyir, beyninizi və bədəninizi qidalandırır. Buna görə özünüzü gümrah və canlanmış hiss edirsiniz. İdman bədəni gümrah vəziyyətə gətirir, gündəlik fəaliyyətlər sizi daha az yorur və daha az səy tələb edir. Bu gümrahlıq sayəsində hər addımda 1-2 yaş cavanlaşdığınızı hiss edirsiniz.

Metabolizmanı sürətləndirir

Yaşlandıqca maddələr mübadiləsi təbii olaraq yavaşlayır, odur ki, illər keçdikcə köklüyün qarşısını almaq daha çətin olur. İdman ümumi kalorini daha sürətlə yandırmağa və sabit sağlam çəkini saxlamağa kömək edir. Əzələ nə qədər çox olarsa, o qədər sürətli kalori yandırarsınız, buna görə güc məşqləri etməyi unutmayın. Üstəlik, günün əvvəlində idman edirsinizsə, maddələr mübadiləsi gün ərzində öz sürətini qoruyub saxlayacaq.

İdman ömrü uzada bilər

İdman xromosomlarınızın qocalma prosesini dayandıra bilər. Bunun səbəbi yaşlanmaya nəzarət edən xromosomların ucundakı telomerlərdir. Telomerlər yaşla qısalır, daha uzun telomerlər uzunömürlülüklə əlaqələndirilir. Son tədqiqatlar müntəzəm məşqlə telomerlərin uzanması arasında bir əlaqə olduğunu göstərir və idmanın ömrü uzada biləcəyi iddia olunur.

Ayşən Vəli