Məhsəti Hüseynova – Hər bir dərdin mənbəyi, çay, çay, çay ! – Qaynar və tünd içməyin!

Məhsəti Hüseynova
0 Shares

“Çaydan uzun müddət və tünd şəkildə istifadə ürəyə də mənfi təsir göstərir”

“Çay dəmləndikdən sonra ən geci 30-40 dəqiqə ərzində içilməlidir”

“Keyfiyyətli çay dəmlənmə prosesində daha gec rəng alır və nisbətən açıq olur”

Azərbaycan süfrəsində ən çox sevilən içkilərdən biri çaydır. Yorğun vaxtlarımızda, dostlarla görüşəndə, qonaq qəbul edəndə süfrələrimizin ilk bəzəyi çay olur. Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Buna baxmayaraq çayın zərərləri də olmamış deyil. Məsələn, çay qaynar içildikdə orqanizmə faydadan çox ziyan verir. Üstəlik,həmin qaynar çay tünddürsə, zərəri ikiqat artır.

Çaydan uzun müddət və tünd şəkildə istifadə ürəyə də mənfi təsir göstərir. Axşamdan qalmış çayı içmək isə ümumiyyətlə məsləhət görülmür. Bir neçə saat əvvəl dəmlənmiş çayın tərkibində orqanizmə fayda verəcək heç nə qalmır. Əksinə, köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr əmələ gəlir.

çay

Sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova çayın insan orqanizminə təsirləri haqqında “Sherg.az”a açıqlamasında ilk növbədə çayın dəmlənmə üsulu və içilmə saatının önəmli olduğunu deyib. Çayın 10-15 dəqiqə ərzində dəmləndiyini deyən ekspert vurğulayıb ki, çay dəmləndikdən sonra ən geci 30-40 dəqiqə ərzində içilməlidir:

“Çünki çay qaldıqca tərkibindəki turşular zərərli olur və öz dəyərini itirir. Ona görə də, mütləq şəkildə dəmləmədən sonrakı müddətə diqqət etmək lazımdır. Ağız boşluğu, diş minasına xeyri olsa da, dişləri saraldır. Gün ərzində 3 stəkandan artıq çay içilməsi məsləhət görülmür. Eyni zamanda axşam saat 5-6 arası içilməsi daha faydalıdır. Ümumiyyətlə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl içmək daha xeyirlidir. Bəzən ağır, yağlı ət yeməklərindən 40 dəqiqə, bir saat sonra çay içmək fayda gətirir. Çünki bu zaman həzm prosesi yaxşılaşır”.

“Keyfiyyətli çayı necə ayırd edə bilərik?” sualına gəlincə, ekspert qeyd edib ki, keyfiyyətli çay dəmlənmə prosesində daha gec rəng alır və nisbətən açıq olur:

“Çay yüksək emal prosesindən keçir və qaynar su ilə təmas zamanı rəng verir. Bu da tərkibində kimyəvi boyaların olmasından xəbər verir. Ona görə mümkün qədər tez rəng alan çaylardan uzaq olmaq lazımdır. Çayı şirniyyatla içmək əvəzinə darçın, mixək, hil, zəncəfil, nanə, yasəmən, cökə, kəklikotu və sair kimi ədviyyatlar əlavə olunması daha faydalıdır.

Şirniyyatlar çayla istehlak edildikdə orqanizmdə parçalanma prosesi getmir, həzm prosesi pozulur. Bu, qaraciyərin, mədəaltı vəzin yüklənməsinə, qan təzyiqinin artmasına və artıq çəkiyə gətirib çıxarır. Səhər yeməyində su və ya bir stəkan meyvə şirəsi içmək çaydan daha faydalı təsirə malikdir”.