“Orqanizm standart çalışma mexanizminə sahib olduğu üçün bayramda da hər günkü kimi standart qidalanmaya riayət olunmalıdır. Sadəcə olaraq bayramda bəzən çeşid çox olur ki, bu zaman da miqdara və hansı qidanın nə zaman qəbul ediləcəyinə diqqət edilməlidir”.
“Həddindən artıq qida qəbulu orqanizmdə qan dövranını yükləyir“ – Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova danışdı.
Onun sözlərinə görə, ilk olaraq diqqət olunacaq məqamlardan biri odur ki, bayramlarda fərqli heyvan ətlərindən bişirilmiş yeməklərdən istifadə etmək düzgün deyil. Çünki bu birbaşa olaraq həzm prosesinin pozulmasına, maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Buna görə də yaxşı olar ki, ana yemək olaraq bir çeşid yeməkdən və ət yeməklərində isə bir cür heyvan ətindən istifadə olunsun. Əks halda insan orqanizmində daxili orqanlar həddindən çox yüklənir və bayramdan sonra yorğunluq, halsızlıq və ağrılar baş qaldırır.
Bayramlarda mayonezlə hazırlanmış salatlardan da sıxlıqla istifadə olunur. Bu cür qidalar yaxşı olar ki, bir dəfəlik istehlaka yetərli olacaq qədər hazırlansın və bir neçə gün qalmasın. Çünki tərəvəzlər bişirildikdə, ət mayonezlə qarışdıqda uzun müddət qaldığı zaman öz qida dəyərini itirir. Eyni zamanda biri-birinə qarşı reaksiya getdiyi üçün insan orqanizminə də faydasından çox ziyan verir.
Həddindən artıq qida qəbulu orqanizmdə qan dövranını da yükləyir. Çünki insan yemək qəbul etdikdən sonra ürək daha çox qan göndərir ki, həzm prosesinə kömək olsun. Bu zaman isə daha çox yükləndiyi üçün ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Demək olar ki, həddindən artıq çox yemək qəbul etdikdə ürək normalda çalışdığından 4-6 dəfə daha çox çalışır. Bu isə bir çox hallarda ürəktutma və infarktla nəticələnir”.