“Son dövrlərdə hazır şorbaların istifadəsi durmadan artır. Xüsusilə tələbələr həm ucuz olduğu üçün, həm hazırlanması asan və tez başa gəldiyi üçün hazır suplara meyil göstərir. Ancaq rəf ömrü uzun, kimyəvi qatqı maddələri ilə zəngin hazır şorbaların zərərləri barədə çoxumuz məlumatsızıq. Bir çox adlarla satışda olan hazır supların həzmi çox çətindir. Araşdırmalar göstərir ki, hazır suplar həzm olunmadan iki saat və daha çox mədədə həll olmadan qalır”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, üzərində qida hiyləsi olaraq yazılsa belə heç bir qida dəyəri yoxdur: “Əksinə, təhlükəli kimyəvi maddələr ehtiva edir. Bəzi hazır şorbalara qoruyucu olaraq qatılan tret butil hidrokinon adlı maddə təhlükəli bir maddədir. Sadəcə, 5 qramı belə ölümcül ola bilər. Sintetik antioksidantlar yağların oksidləşməsinə mane olur, beləliklə emal olunmuş hazır qidaların rəf ömrü uzanır”.
Asim Vəliyev sözlərinə belə davam edib: “Adını qeyd etdiyimiz maddə hazır suplarla yanaşı boya, lak, həşərat dərmanı, kosmetik vasitələrdə və parfumlarda da istifadə olunur. 1 qram tret butil hidrokinon (TBH) baş hərlənməsi, qusma, nəfəs darlığı kimi bir sıra problemlər meydana gətirə bilir. Həftədə iki dəfə hazır supla qidalanan qadınlarda metabolik sindrom riskinin yüksək olduğuna dair araşdırmalar var. Bu sindrom səbəbilə obezitə (piylənmə), hipertoniya, yüksək qan şəkəri kimi bir sıra sağlamlıq problemləri ortaya çıxarır.
Həmçinin hazır supların tərkibində rəngləndiricilər və bağımlılıq yaradan qatqı maddəsi olan “mononatrium qlutamat” da var.
Yaxşı olardı ki, ev üsulu hazırladığımız suplara daha çox üstünlük verək və belə qeyri-sağlam, qida dəyəri olmayan hazır paket qidalardan uzaq olaq”.