Göbələklər həyatınıza son qoya bilər – EKSPERT Məhsəti Hüseynova BİLDİRDİ

0 Shares

Xüsusilə isti aylarında insanlarda daha çox göbələk yığmaq həvəsi yaranır. Hətta bəzən şəhərdən kənarda gəzintilərə çıxdıqda belə göbələkləri yığmağa çalışırlar. Amma nəzərə almaq lazımdır ki, sadəcə Azərbaycanda göbələyin təxminən 40 minə yaxın növü var. Bunların isə bəziləri zəhərli göbələklərdir.

Zəhərsiz olan göbələk çeşidi demək olar ki, çox azdır. Bunu isə təbii ki, hər kəs peşəkar şəkildə tanıyıb, seçə bilməz. Belə olan halda da artıqzəhərli göbələklərdən istifadə edərək, zəhərlənə bilər, hətta bu proses ölümə belə apara bilər.

Göbələyi nəinki hardansa toplamaq, aldıqda belə diqqət etmək lazımdır. Çünki göbələk düzgün şəkildə saxlanılmadıqda belə insan orqanizmində zəhərlənməyə səbəb ola bilər. Nisbətən zəhərsiz və insanlara daha az zərər verə biləcək göbələklər içərisində Şampinyondur ki, tanıyırsızsa bunu özünüz yığıb, istifadə edəbilərsiz. Əks halda risk daşıyır. Göbələk alarkən də digər qidalarla açıq şəkildə yan-yana qoyulmuş olmamasına diqqət etmək lazımdır. Eyni zamanda da rütubət olan yerdə də saxlanılmamalıdır və mütləq şəkildə kağız paketdə olmalıdır. Kağız paketlər içərisində olan göbələyi 5-6 gün sağlam şəkildə saxlaya bilərik.

Xüsusilə də göbələk bişiriləndə mütləq şəkildə təmiz yuyulmalı və istehlak edəcəyiniz qədər bişirlməlidir. Eyni zamanda, göbələk təkrar isidilməyə məruz qalmamalıdır. Ümumiyyətlə, bişirildikdən sonra açıq havada və ya otaq temperaturunda həmin göbələyin tərkibində bakteriyalar və mikroorqanizmlər çoxalır. Hansı ki, onlar insan orqanizmində zəhərlənməyə səbəb olur. Digər bir səbəb isə insanların özlərinin şüursuz şəkildə meşədə, təbiətdə rast gəldikləri göbələkləri bişirməsi və yeməsidir. Bu, çox təhlükəlidir. Çünki zəhərli göbələklərlə, zəhərli olmayan göbələklər bəzən bir-birindənfərqlənmirlər.

Göbələyin tərkibində öldürücü maddələr var ki, bunlar birbaşa olaraq qəbul olunduğu halda qaraciyəri və böyrəyi çürüdə bilir. Bu, dərhal təsiredir və hətta ölümcül reaksiyalara qədər gətirib çıxara bilir. Bu da dünyada hər il yüzminlərlə insanın həyatını itirməsinə səbəb olur.

Yaxşı olar ki, açıq havada göbələk yığıb, istifadə etməsinlər. Bəzən rəngli göbələklər zəhərli hesab olunsa da, rəngli olmayan və yeməli növlərəoxşayan zəhərli göbələklərə də rast gəlmək mümkündür. Onları da yığmaq olmaz. Ümumiyyətlə, bilmədiyiniz və mənşəyi bəlli olmayan yerdən aldığınız göbələklərdən istifadə etməyiniz tövsiyə olunmur.

Bəzi insanlarda hər hansısa qidaya və yaxud da qida maddəsinə qarşı həssaslıq, allergiya mövcud olur. Nəzərə almaq lazımdır ki, göbələk də həssas qidalar siyahısındadır. Yəni bəzi insanlar göbələk qəbul etdikdən sonra zəhərlənmə əlamətləri ortaya çıxır. Amma bu, hər insanda fərqli ola bilər. Bəzilərində yarım saatda ortaya çıxdığı halda, bəzilərində isə 5 gün və ya 1 həftəyə qədər davam edə bilər.

Göbələk zəhərlənməsinin əlamətləri bunlardır.

Əsasən ürəkbulanma, göz bəbəklərinin böyüməsi, qusma və ishalla nəticələnir. Belə olan halda heç bir müdaxilə etmədən dərhal həkimə getmək lazımdır. Maye qəbul edərək həkimə qədərki zamanda qusmanı təmin etmək olar. Bununla da zəhər orqanizmdən atıla bilər. 

Bilib-bilmədən hər hansısa zəhərlənmə əleyhinə və yaxud da digər vasitələrdən istifadə etməməlidirlər. Çünki bu da orqanizmdə reaksiyalara səbəb olaraq, təhlükəli nəticələrə gətirib çıxara bilər. Ümumiyyətlə, mağazalardan da göbələk alarkən mütləq diqqət etmək lazımdırki, onların saxlanma şəraiti düzgün və sərin yerdə olsun. Göbələk quru yerdə saxlanmalı və qablaşdırmada onun müddəti göstərilməlidir. Həmçinin, həmin şirkətin məlumatları da olmalıdır ki, hər hansısa xoşagəlməz bir hal baş verdikdə şikayət edəcəkləri ünvanı bilsinlər. Evdə də saxlama şəraitləri uyğun deyilsə, çox miqdarda göbələyin alınması tövsiyə olunmur.

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əks-Səda Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Uşaq və yeniyetmələr arasında qazlı içkilərin və paketlənmiş qidaların satışının qarşısının alınmasına dair jurnalist təşəbbüslərin artırılması” adlı layihə çərçivəsində hazırlanıb.

  • Hüseynli Nərgiz