GMO-ya qarşı mübarizə necə aparılmalıdır? – EKSPERT İZAH ETDİ

0 Shares
Gen mühəndisliyi

“Qida zəhərlənmələrinin ən çox müşahidə olunduğu fəsil yaz və yay aylarıdır. Həmçinin, zəhərlənmə səbəbləri müxtəlifdir. Tarladan süfrəyədək qida zəncirinin bütün mərhələlərində, istər istehsal, istər daşınma, istər saxlanma, istərsə də digər mərhələlərdə qida bioloji, kimyəvi, fiziki çirklənmələrə məruz qala bilir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bakteriyalar, viruslar, parazitlər və bunların toksinləri qida zəhərlənməsinin ən başlıca səbəblərindəndir: “GMO məhsulları ilə qidalanma sonrakı dönəmlərdə sağlamlığımız üçün ciddi təhlükələr yarada bilər. GMO (geni modifaksiya olunmuş orqanizm), gen mühəndisliyi vasitəsilə əldə olunmuş yeni bir orqanizmdir. Bir canlıda olmayan xüsusiyyəti digər bir canlının geninə vektor adlı daşıyıcı virus vasitəsilə köçürərək yeni bir növ orqanizm əldə olunur”.

Asim Vəlizadə sözlərinə belə davam edib:

“GMO dünyada ərzaq çatışmazlığına çarə kimi göstərilməyə çalışır. Lakin yanılmıramsa, 1996-cı ildə ilk GMO-lu məhsul satışa çıxarıldıqda statistikaya görə dünyada 300 minə yaxın ac insan vardı. Hal-hazırda bu rəqəm 1 milyarda yaxındır və dəyişən heç nə yoxdur. Halbuki hesabatlara nəzər yetirsək, təkcə Amerika və İngiltərədə il ərzində zibilə atılan yararlı qidalarla 1 milyarddan çox insanı doyurmaq olar. Ərzaq çatışmazlığı yox, ədalətsiz bölgü var. Məsələ aclıq məsələsi deyil, transmilli şirkətlərin maraqlarıdır. GMO əkini nəticəsində torpaq öz münbitliyini itirir, təbii bitki örtüyü sıradan çıxaraq biomüxtəliflik pozulur. Həmin torpaqlarda yenidən təbii toxum əkmək mümkün olmur. Nəticədə GMO əkinçiliyə yönələn dövlətlərin aqrar sektoru transmilli GMO toxum şirkətlərindən asılı vəziyyətə gəlir.

“Heyvanlar, xüsusilə də siçovullar üzərində aparılan uzun müddətli tədqiqatlar göstərir ki, mütəmadi GMO tərkibli məhsullarla qidalanmaq allergik reaksiyalara, onkoloji xəstəliklərə səbəb ola bilər”.

Daha çox geni dəyişdirilmiş qidalar qarğıdalı, pomidor, kartof, düyü, soya, buğda, balqabaq, günəbaxan, yer fıstığı və bəzi balıq növləridir. Bunlardan savayı banan, tut, çiyələk, gilas, ananas, qovun, qarpızla da bağlı bu kimi çalışmalar davam etdirilir, bəlkə də artıq satışa çıxarılıb. GMO-nun təsiri dərhal özünü göstərməsə də sonrakı dönəmlərdə ciddi fəsadlar törədəcəyinə dair geniş tədqiqatlar var. Ölkəmizə GMO-lu məhsulların gətirilməsi, yayılması, istehsalı qanunla qadağandır. Lakin buna baxmayaraq ölkəyə idxal olunan hazır qida məhsullarının tərkibinin GMO mənşəli olması böyük ehtimaldır. Hətta bəzi GMO-lu toxumları işbazlar hibrid sertifikatı ilə gətirərək əkdiyinə dair şübhələr də var.

Dünya üzrə ixrac olunan soyanın 90%-dan çoxu GMO-ludur. GMO-lu soya sosiska, kolbasa kimi qırmızı ətin istifadə olunduğu qidalarda, ətsuyu tabletlərində, fındıq-fıstıq əzməllərində, şokoladlı qidalarda, müxtəlif un məmulatlarında, süd tozu, hazır souslar və heyvan yemlərində istifadə olunur. Broyler toyuqları üçün də yem olaraq istifadə olunur.

Heyvanlar, xüsusilə də siçovullar üzərində aparılan uzun müddətli tədqiqatlar göstərir ki, mütəmadi GMO tərkibli məhsullarla qidalanmaq allergik reaksiyalara, onkoloji xəstəliklərə səbəb ola bilər”.

Ayşən Vəli