Fast foodun geniş yayılması müasir həyat tərzinin ayrılmaz hissəsinə çevrilsə də, onun sağlamlığa təsiri ilə bağlı narahatlıqlar artır. Yağ, duz və şəkərlə zəngin bu qidalar ürək-damar xəstəlikləri, artıq çəki və metabolik pozuntular üçün əsas risk faktorlarından sayılır.
Mövzu ilə bağlı “İnformator.az” xəbər saytı həm qida ekspertinin, həm valideynin, həm də tələbənin məsələyə olan münasibətini öyrənib.
3 uşaq anası Xədicə Əliyeva övladlarının sağlam gələcəyi üçün fast fooddan az istifadə etdiklərini bildirib:
“Həmçinin övladlarıma izah edirəm ki, bu dadlı zəhərdir. İlk olaraq fast food-un ziyanlarıni övladlarımıza aşılamalıyıq. Onlar nəyi yediklərini bilsinlər”.
Tələbə Əminə Əliyeva fast food sevən bir gənc olaraq onu ləzzətlə yediyini bildirib:
“Təbii ki, ziyanlarını bilirəm. Amma bəzən güclü iş rejimində vaxt məhdudiyyətindən işlərimizi çatdıra bilməyəndə fast food bizim köməyimizə çatır. Ziyanlı olsa da, əlçatan qidadır. Fikrimcə, ayda bir-iki dəfə qidalansaq, pis olmaz”.
Qida eksperti Məhsəti Hüseynova isə gənclərin və uşaqların mənşəyi bəlli olmayan fast food qidalarına üz tutması daha çox ciddi təhlükə yaratdığını bildirib:
“Bu kimi qidalarda bəzən həddindən artıq çox duzların, doymuş yağların olması bir çox hallarda bunların yarım fabrikat olaraq öncədən hazırlanıb xarab olmaması üçün istifadə olunan konservantlar, kimyəvi qatqı maddələri, bu məhsulların hazırlanma müddətində daha az saxlanılması olduğu halda daha çox temperatur rejiminə əməl olunmadan saxlanılması bu qidalardakı riskləri daha çox artırır. Ümumiyyətlə bu qidaların qida dəyəri də daha aşağı olduğu üçün, uşaqlarda, yeniyetmələrdə, gənclərdə davamlı olaraq fast food yeyirsə, vitamin, mineral çatışmazlığına da gətirib çıxarır. Bu da birbaşa olaraq inkişafdan geri qalma, immun sisteminin zəifləməsi, yüksək kalorili, yağlı, şəkərli olduğuna görə artıq çəkiyə, piylənməyə səbəb olmasına gətirib çıxarır”.
Fast foodun sağlamlığa mənfi təsirlərini nəzərə alaraq, bu cür qidalardan istifadəni minimuma endirmək vacibdir. Daha sağlam qidalanma vərdişləri formalaşdırmaq həm fərdi, həm də cəmiyyət səviyyəsində sağlamlığı qorumağa kömək edər.
- Fidan Abbaszadə






