Elektroşok verilərək kəsilən heyvanın əti halaldırmı? – Ekspert Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

“Geniş fermer təsərrüfatlarında heyvanların kəsimindən əvvəl müxtəlif üsullardan istifadə olunur. Bəzən elektroşok tətbiq edilir, bəzən isə adi kəsim üsulu həyata keçirilir. Təbii ki, qaydalara düzgün şəkildə riayət olunduqda və sanitar-gigiyenik tələblər nəzərə alındıqda heç bir problem yaranmır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

Son günlər Monqolustandan gətirilən və Azərbaycanda satışa çıxarılan ətlərdən danışan ekspert bildirib ki, əti alarkən onun rənginə, görünüşünə, keyfiyyət sertifikatının və baytar nəzarətinin olmasına diqqət etmək laImdır:

“Əgər ət xaricdən idxal olunubsa, mənşə ölkə, kəsim və istehsal tarixi, son istifadə müddəti mütləq göstərilməlidir. Bununla yanaşı, ətin saxlanılma şəraiti doğru olmalıdır, əgər yeni kəsilmiş ətdirsə, 4 dərəcəyə qədər saxlanıla bildiyi halda, dondurulmuş ətlər mənfi 18 dərəcədə olmalıdır və dondurulmuş şəkildə satılmalıdır. Əgər temperatur rejimi dəyişərsə, bu zaman ətin tərkibindəki mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Bu da onun keyfiyyətinin aşağı düşməsinə və sağlamlığa müəyyən fəsadlar törətməsinə gətirib çıxara bilər”.

Məhsəti Hüseynova söyləyib ki, heyvan stress altında öldürüldükdə onun orqanizmində müəyyən bioloji dəyişikliklər baş verə bilər:

“Əgər heyvan qeyd olunan formada, yəni stress altında öldürülərsə, bu zaman müəyyən bioloji dəyişikliklər baş verə bilər. Belə hallarda ətin tərkibində turşuluq səviyyəsi (pH dərəcəsi) dəyişə, həmçinin hormonal dəyişikliklər müşahidə oluna bilər. Lakin proses düzgün şəkildə həyata keçirilərsə, ciddi dəyişiklik yaranmır; yalnız ölüm çox stressli keçibsə, ətin rəngində dəyişiklik ola bilər. Bu da hər heyvanda fərqlidir. Tutaq ki, böyük baş heyvan ətidirsə, bu zaman onun rəngində qırmızımtıllıqdan çox tündləşmə görünür, ət daha sərt olur, eyni zamanda, bu ət daha tez xarab olmağa meyilli olur”.

Onun sözlərinə görə, bəzən heyvanların kəsimi zamanı elektrik şoku tətbiq edilir. Bu üsul heyvanın ağrı hiss etməməsi və prosesin daha təhlükəsiz aparılması üçün tətbiq olunur və ətin tərkibinə mənfi təsir göstərmir:

“Bəzi heyvanlarda elektrik şoku tətbiq edilərək əvvəlcə huşun itməsi təmin edilir və daha sonra kəsim prosesi həyata keçirilir. Bu üsul heyvanın ağrı hiss etməməsi, həmçinin prosesin daha təhlükəsiz və sanitar-gigiyenik qaydalara uyğun şəkildə aparılması məqsədi daşıyır. Bu, ətin tərkibinə hər hansı mənfi təsir göstərmir. Əgər heyvanların bu üsulla kəsilməsi bəzi ölkələrdə halal hesab edilmirsə, əsas səbəb heyvanın kəsimdən əvvəl artıq ölmüş olmasıdır. Bu isə dini qaydalara görə qəbul edilmir. Ət alarkən mütləq şəkildə onun 4 dərəcə temperaturadək saxlanmasına diqqət edilməlidir. Həmçinin rəngi açıq qırmızı, quş ətlərində isə açıq çəhrayı olmalıdır.

Əgər ətin üzərində yapışqanlıq varsa, toxunanda batırsa və özünü bərpa etmirsə, üzərində saralmış, bozarmış hissələr, ləkələr varsa, bu, onun xarab olmasını göstərir”.

  • Fidan Abbaszadə